Magistratura karyerada üstünlük yaradır, yoxsa sadəcə diplom sayını artırır? - TƏHSİL EKSPERTİ AÇIQLADI

17 Avqust 2026 16:28 (UTC+04:00)

Magistratura təhsilinin karyera üçün yaratdığı üstünlüklər son dövrlərdə daha çox müzakirə olunur. Ali təhsilin bu mərhələsi bəzi sahələrdə peşəkar inkişaf və daha yüksək vəzifələr üçün imkan yaratsa da, hər bir ixtisas üzrə eyni dərəcədə üstünlük təmin etmir. Bəs magistratura əmək bazarında real üstünlük qazandırır, yoxsa sadəcə diplom sayını artırır?

Məsələ ilə təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, magistratura əslində Azərbaycanda əmək bazarında tələb kimi qarşılanmadığına görə artıq görürük ki, magistratura səviyyəsinə münasibət kifayət qədər dəyişib, fərqli mənzərə yaranıb, boş yerlərin sayı çoxalıb:

“Təkcə ötən il 1200 dövlət sifarişli yer, ondan artıq da ödənişli yer boş qalmışdır. Bu il də eyni mənzərədir.

Ümumiyyətlə, Azərbaycanda magistraturaya diqqət həm əmək bazarında tələbin olmadığına görə azalıb, həm də gələcəkdə elmi potensialın növbəti mərhələsi olan doktorantura magistraturadan sonrakı pillə sayıldığı üçün bu sahəyə diqqət azalıb. Çünki bu gün gənc alimləri, elm adamlarını motivasiya edən heç kim yoxdur. Ona görə də bu sahədə müəyyən geriləmə ciddi şəkildə müşahidə olunur.

Ona görə yaxşı olar ki, bu məsələ dövlət səviyyəsində geniş müzakirə olunsun və universitetlər təkliflər paketi hazırlayıb təqdim etsinlər. Başqa bir tərəfdən də, bu gün bizdə magistratura ürəkaçan səviyyədə deyil. Təbii ki, bütün universitetlərdə olmasa da, bəzi universitetlər var ki, uyğun fəaliyyət planları yoxdur.

Məsələn, hansısa universitet magistratura üçün 500 yer ayırır, ancaq onun potensialı və akkreditasiya standartları buna cavab vermir. Bütün bunlara da müəyyən qədər yenidən baxılmalıdır. Azərbaycanda magistratura səviyyəsinin imkanlarını artırmaq istəyiriksə, magistratura üçün təqaüdlər artırılmalıdır.

Onlar üçün tədqiqat imkanları yaradılmalıdır. Artıq magistratura tələbələri gündüz işləyib, gecə magistratura təhsili almağa gəlməməlidirlər. Yəni onlar üçün yaradıcı bir mühit formalaşdırılmalıdır, əlavə təqaüdlər verilməli, geniş imkanlar açılmalıdır ki, magistratura səviyyəsinə diqqət bir qədər artsın”.