Avtomobil bazarında ideal qiymət necə müəyyənləşir? - AÇIQLANDI

17 Avqust 2026 16:27 (UTC+04:00)

Avtomobilin ideal qiyməti yalnız marka və modelə görə deyil, istehsal ili, real yürüşü, texniki vəziyyəti, komplektasiyası və bazardakı tələb-təklifə əsasən müəyyənləşir.
İlk növbədə eyni marka, model, mühərrik və istehsal ilinə aid avtomobillərin bazardakı qiymətləri müqayisə edilməlidir. Lakin elan saytlarında göstərilən qiymətlərə əsaslanaraq avtomobilin real bazar qiymətini formalaşdırmaq düzgün deyil. Çünki satıcının elanda qeyd etdiyi qiymət avtomobilin faktiki satış qiymətindən fərqlənə bilər.

Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə texniki ekspert Razil Nağıyev deyib.

O bildirib ki, texniki vəziyyət və real yürüş qiymətə ən ciddi təsir edən amillərdəndir:

“Mühərrik, transmissiya, asqı, əyləc və elektron sistemləri yaxşı vəziyyətdə olan avtomobil bazar qiymətindən daha yüksək qiymətləndirilə bilər. Əksinə, yaxın zamanda mühərrik, transmissiya və ya digər bahalı təmir tələb edən avtomobilin qiymətindən həmin xərclər çıxılmalıdır.

Qəza və servis tarixçəsi də mütləq nəzərə alınmalıdır. Qəza keçirmiş, airbag-ləri açılmış və ya yürüşü şübhəli olan avtomobil eyni modelin qəzasız və servis tarixçəsi şəffaf olan avtomobili ilə eyni qiymətdə olmamalıdır.

Bundan əlavə, komplektasiya və mühərrik seçimi də qiymətə təsir edir. Eyni modelin müxtəlif mühərrik və komplektasiyaları arasında ciddi qiymət fərqi ola bilər. Bazarda həmin modelə olan tələb də onun qiymətinin nə qədər stabil qalacağını müəyyən edir.
İdeal qiymət bazar qiyməti ilə avtomobilin real texniki vəziyyətinin birlikdə qiymətləndirilməsi əsasında formalaşır. Alıcı yalnız avtomobili neçəyə aldığını deyil, aldıqdan sonra ilkin təmir və texniki xidmətə nə qədər xərc çəkəcəyini də əvvəlcədən hesablamalıdır. Ən ucuz avtomobil hər zaman ən sərfəli avtomobil deyil”.

Ayşən Vəli