Telefon həyatımızı idarə edir yoxsa…? - PSİXOLOQ AÇIQLADI

17 Avqust 2026 15:09 (UTC+04:00)

Smartfonlar həyatımızı asanlaşdırsa da, onlardan həddindən artıq istifadə gündəlik həyatımıza ciddi təsir göstərə bilər. İnsanlar bəzən telefonda keçirdikləri vaxtın fərqinə varmadan ailə, dostlar və real həyatdakı ünsiyyətdən uzaqlaşırlar. Bəs telefon həyatımızı idarə edir yoxsa, biz telefondan istifadə edirik?

Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib ki, smartfonlar həyatımızı asanlaşdırsa da, eyni zamanda sanki həyatımızdan bir çox şeyi çıxarıb aparır:

“Çünki gec saatlarda yuxumuza təsir edən qısa videolar insanlarda artıq təşviş pozuntularının daha sürətli artmasına səbəb olur. Biz yeniliyə qarşı deyilik, sadəcə yeniliyin içərisində öz sağlamlığımızı da düşünməliyik. Çünki fərqinə varmadan ailədə, ətrafımızdakı insanlarla real ünsiyyətdən uzaqlaşırıq.

Virtual aləm bizə daha rahat gəlir. Virtual aləmdə biz duyğularımızı gizlədə bilirik, duyğularımızı bildirmədən özümüzü yaxşı hiss edə bilirik. Amma real aləmdə göz kontaktından, bizi narahat edən vəziyyətlərdən, doğmalarımızdan, yaxınlarımızdan, dostlarımızdan danışırıq. Baxırıq ki, hətta bizə kömək etmək istəyən insan yaranıb soruşur: “Nə olub sənə?”, “Necəsən?” Yəni biz artıq bu sözlər üçün doğrudan da darıxmışıq.

Bu sözlər üçün həqiqətən də sanki insanlar bəzən keçmiş zamanlara qayıtmağı düşünürlər. Amma bu, o deyil. Sadəcə səmimiyyət üçün darıxdığımız bir hissdir.

Səmimiyyət də itdikcə, duyğular kəsikləşir. Kəsikləşən duyğuların içərisində emosional gərginlik yaranır. Çünki biz duyğularımızı artıq nə ifadə edə, nə də paylaşa bilirik.

Bu baxımdan, telefondan istifadə edərkən şərait yaratmamalıyıq ki, telefon bizi idarə etsin. Çünki telefonu idarə etmək bizdən asılıdır. Onun enerjisi bitəndə biz onu durub enerjiyə qoyuruq. Telefon bizi enerjiyə qoymur. Telefon bizim enerjimizi alır.

Hətta bir zaman gəlib çatır ki, o telefonu enerjiyə qoymağa belə ruhsal gücümüz, beyin gücümüz çatmır. Son dövrlərdə daha çox rast gəlinən hallardan biri budur ki, insan nə qədər fikirli olursa, telefonunu hara qoyduğunu belə unudur. Bəzən elə vəziyyətlər olur ki, nəyin hara qoyulduğunu tapa bilmədikdə böyük bir problem yaranır.

Məsələn, elə gənc var ki, gəncdir, inkişaf dövrüdür, amma bilmədən bir də baxır ki, telefonu qarpız qabığının içərisinə düşüb. Daha doğrusu, qarpızın içərisinə düşüb və o, bunu hiss etməyib. Daha sonra zibilə atarkən baxır ki, telefon onun içərisindədir.

Biz özümüzü həddindən artıq nədənsə asılı vəziyyətdə saxlamaq yox, öz iradə gücümüzlə idarə etməyi bacarmalıyıq. Onda yeniliklərə də açıq oluruq, yeniliklər də bizi inkişaf etdirir.

Nəinki yeniliyə təslim olub, təslim olmağın içərisində məhv oluruq. Ona görə də son dövrlərdə təşviş pozuntuları, OKP – obsessiv-kompulsiv pozuntu və bipolyar pozuntu kimi halların sürətli şəkildə artdığı müşahidə olunur.

Bunların qarşısını almaq üçün, təbii ki, müəyyən kollektiv tədbirlər lazımdır. Bu, həm maddi, həm zehni, həm də ruhsal olaraq insana başqa cür təsir edə bilər. Yəni burada həm maddi imkanların gedir, həm vaxtın gedir, həm də mənəvi düşüncələrini kəsikləşdirirsən.

Ona görə də nə olursa olsun, insan bioloji və sosial varlıq olduğuna görə, hər iki istiqamətdəki yeniliyi rahat idarə etmək üçün özünü hər hansı bir şeydən asılı vəziyyətdə saxlamamalıdır”.