"Hər öskürəyi astma xəstəliyinin əlaməti hesab etmək olmaz" - HƏKİM

17 Avqust 2026 12:28 (UTC+04:00)

"Astma xəstəliyi tənəffüs yollarının xroniki, yəni uzun illər davam edən infeksion deyil, iltihabi xəstəliyidir. Xəstəlik özünü çətin ayrılan, şəffaf bəlğəmlə müşayiət olunan öskürəklə, xüsusən də gecələr və səhər saatlarında xırıltı ilə göstərir". Bu sözləri SİA-ya açıqlamasında pulmonoloq, ağ ciyər həkimi Əsəd Beydullayev bildirib.

Onun sözlərinə görə, xəstənin anamnezini soruşanda adətən onun anamnezində adətən yaxın qan qohumlarında bu kimi şikayətlərə rast gəlinir və əksər hallarda bu, uzun illərdir davam edən xəstəliyin əsas əlaməti kimi özünü göstərir: "Belə astma xəstəliyinə bağlı öskürəyi olan insanlar, əksər halda bir az diqqətli olduqda, özləri də öskürəyin səbəbinin astma olduğunu bilirlər.

Dediyiniz digər səbəblərə bağlı öskürəyə, məsələn, soyuqda yaranan öskürəyə, pnevmoniyaya bağlı öskürəyə və adi bronxitə bağlı öskürəyə gəldikdə, bunlar bir az fərqlidir.

Məsələn, pnevmoniya olan insanda asmadan fərqli olaraq yüksək bədən hərarəti olur, bəlğəm sarı və qatı olur, halsızlıq, iştahsızlıq kimi əlamətlər müşahidə olunur.

Bronxiti olan insanlarda isə bronxit iki cür olur. Kəskin bronxit adətən keçirilmiş qripdən sonra qalır və onu tez başlaması, həmçinin qısa müddətdə bitməsi ilə astma öskürəyindən ayırmaq olar. Orada da bəlğəm əksər halda sarı olur.

Xroniki bronxitlər də var və bu, daha çox siqaret çəkən insanlarda olur. Xroniki bronxitlərdə də xəstələrdə astma kimi xırıltı və öskürək ola bilər. Amma bu zaman öskürək əksər halda sarı, qatı bəlğəmlə müşayiət olunur. Xəstənin anamnezində uzun illər siqaret çəkməsi və öskürəyin olması da mühüm əhəmiyyət daşıyır.

Xroniki bronxit dediyimiz xroniki obstruktiv xəstəlikdə astmaya bənzər əlamətlər olur, lakin geri dönüş çox az olur. Yəni xəstənin tənəffüs yolları tam açılmaya bilər.

Bundan əlavə, ankoloji xəstəliklərdə də tənəffüs yolu öskürəyi ola bilər. Bu öskürəklər yorucu və əzabverici olur, təbiətən, mövsümi olaraq artır. Bu öskürəklər çəkilən rentgen filmdə ağciyər xərçənginin aşkar olunması ilə müşahidə olunur və uyğun müalicə görür.

Eyni zamanda vərəm xəstəliyində və infeksion xəstəliklərdə də öskürəyə çox rast gəlinir. Vərəm xəstəliyi zamanı olan öskürəklərdə bəlğəm, bəlkə, qatı və sarı olur. Xəstələr arıqlayır, tərləyir, temperatur olur, halsızlıq və iştahsızlıq müşahidə edilir. Bu kimi hallar da astmadan fərqlidir".