İndoneziyanın şərqində baş verən güclü zəlzələdən sonra xilasedicilər dağılan binaların və torpaq sürüşmələrinin altında qalan insanları axtarmağa davam edir. 7,7 bal gücündə zəlzələ nəticəsində azı 53 nəfər ölüb, 100-dən çox insan yaralanıb, minlərlə sakin isə evlərini tərk etmək məcburiyyətində qalıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, zəlzələ İndoneziyanın Şərqi Nusa-Tenqara əyalətində, Flores adasının yaxınlığında baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Ende şəhərindən təxminən 68 kilometr şimal-qərbdə, dənizin təxminən 10 kilometr dərinliyində yerləşib.
Təbii fəlakət xüsusilə Flores adasında yerləşən bir neçə bölgəyə ciddi ziyan vurub. Mangqarai və Şərqi Mangqarai bölgələrində çoxsaylı insan həyatını itirib. Sikka, Nqada və Ende bölgələrində də ölənlərin olduğu bildirilir.
Xilasedicilər torpaq sürüşmələri nəticəsində giriş-çıxışın çətinləşdiyi ərazilərdə axtarış aparırlar. Xüsusilə Mangqarai, Şərqi Mangqarai və Naqekeo bölgələrində bəzi yaşayış məntəqələrinə çatmaq çətin olaraq qalır.
Zəlzələ nəticəsində 900-dən çox ev dağılıb, təxminən 450 evə ziyan dəyib. Təxminən 5 min sakin müvəqqəti sığınacaqlara yerləşdirilib. Məktəblər, tibb mərkəzləri və kilsələr də daxil olmaqla, 160-dan çox ictimai obyektə ziyan dəyib.
Xilasetmə əməliyyatlarını torpaq sürüşmələri, elektrik enerjisinin və rabitənin kəsilməsi çətinləşdirir. Bununla belə, xilasedicilər əvvəllər təcrid olunmuş bəzi kəndlərə gedən yolları açmağa nail olublar.
Fəlakət bölgələrinə düyü, hazır yeməklər, içməli su, yorğan və dərmanlar göndərilir. Lakin ucqar yaşayış məntəqələrinə yardımın çatdırılması hələ də əsas problemlərdən biri olaraq qalır.
Zəlzələdən sonra yüzlərlə yeraltı təkan qeydə alınıb və bu səbəbdən bir çox sakin gecəni evlərinə qayıtmayaraq açıq ərazilərdə keçirib.
Zəlzələ Komodo Milli Parkına giriş qapısı hesab olunan Labuan Bajo şəhərində də hiss olunub. Torpaq sürüşmələri Flores adasındakı əsas yollardan biri olan Trans-Flores magistralının bəzi hissələrini bağlayıb.
İndoneziya Sakit okeanın “Od halqası” adlanan yüksək seysmik aktivlik zonasının üzərində yerləşdiyi üçün zəlzələ və vulkan püskürmələri ilə tez-tez üzləşir. Flores adasında 1992-ci ildə baş verən güclü zəlzələ və sunami nəticəsində təxminən 2 500 nəfər həyatını itirmişdi.