Hindistanda məbəddə izdiham: 6 nəfər ölüb

17 Avqust 2026 10:05 (UTC+04:00)

Hindistanın şərqində yerləşən Bihar ştatının Lakhisarai şəhərindəki Aşok Dham məbədində baş verən insident nəticəsində azı 6 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə məbədə çox sayda hindu zəvvarın toplaşdığı vaxt baş verib. İlkin məlumata görə, elektrik dirəyinin aşması və insanların elektrik cərəyanının təsirinə məruz qalması nəticəsində ərazidə izdiham yaranıb.

Polis rəsmisi Şivam Kumar bildirib ki, hadisənin dəqiq səbəbləri hələ araşdırılır. Onun sözlərinə görə, elektrik dirəyinin aşması insanların elektrik cərəyanına məruz qalmasına və daha sonra izdihama səbəb olub-olmadığı araşdırılacaq.

Məlumata görə, hadisə hinduların müqəddəs Şravan ayında Şiva tanrısına su təqdim etmək üçün məbədə axın etdiyi vaxt baş verib. Hadisədən sonra yaralılar xəstəxanalara çatdırılıb.

Bihar ştatının baş naziri Samrat Çaudhari hadisəni faciəvi adlandırıb və həlak olanların ailələrinə başsağlığı verib. O, yaralılara vaxtında tibbi yardım göstərilməsi üçün aidiyyəti qurumlara göstəriş verildiyini bildirib.

Hindistanda dini mərasimlər zamanı izdihamın yaratdığı faciələr daha əvvəl də baş verib. Ötən il Maha Kumbh festivalında on milyonlarla insanın müqəddəs sularda çimmək üçün toplandığı vaxt izdiham nəticəsində 30 nəfər həyatını itirmişdi.