14 avqust 2026-cı il tarixində Şərur rayonunda Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlər Yusifov Əli Süləddin oğlunun və Mədətli Zülal Rəhim oğlunun doğum günləri münasibətilə anım tədbiri keçirilib.
SİA xəbər verir ki, tədbir Şərur rayon Şəhidlər xiyabanında şəhidlərin məzarlarının ziyarəti ilə başlayıb. Məzarları üzərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub və əziz xatirələri ehtiramla yad edilib.
Anım tədbirində 2 saylı Şərur-Kəngərli seçki dairəsinin deputatı Siyavuş Novruzov, Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova, YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Sevil Hacıyeva və Rafiq Novruzov, şəhid ailələri, qazilər, təhsil sahəsinin nümayəndələri, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər şəhidlərin həyat və döyüş yolundan, Vətən qarşısındakı xidmətlərindən bəhs edərək onların qəhrəmanlığının heç vaxt unudulmayacağını bildiriblər. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası şəhidlərimizin qəhrəmanlığı və fədakarlığı sayəsində mümkün olub. Şəhidlərin adlarının əbədiləşdirilməsi və xatirələrinin yaşadılması mühüm mənəvi vəzifədir.
Şəhidlərin valideynləri - Yusifov Süləddin, Yusifova Bəturə, Mədətov Rəhim və Mədətova Şərabanu övladlarının xatirəsinə göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinin, qəhrəmanlıq tariximizin gələcək nəsillərə çatdırılmasının hər birimizin mənəvi borcu olduğu vurğulanıb.
Sonda şəhid ailələri ilə görüş keçirilib, onların qayğı və təklifləri dinlənilib.