“Hərəkət intervallarının 2 dəqiqəyə qədər endirilməsi mümkün olacaq” - Bəxtiyar Məmmədov

15 Avqust 2026 14:37 (UTC+04:00)

“İntervalların azaldılması istiqamətində tədbirlər müntəzəm olaraq və texniki imkanlar nəzərə alınmaqla həyata keçiriləcək”.

SİA xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov SİA-ya açıqlamasında deyib.

O bildirib ki, hərəkət intervalının minimum həddə endirilməsi üçün “İçərişəhər” stansiyasının arxasında dönmə kamerasının 2028-ci ildə başa çatdırılması, həmçinin xətlər üzrə nəzərdə tutulan 10 yeni stansiyadan ikisinin inşa edilməsi zəruridir.

B.Məmmədov qeyd edib ki, bu tədbirlər həyata keçirildikdən sonra hər iki xətt üzrə hərəkət intervallarının 2 dəqiqəyə qədər endirilməsi, Qırmızı xətt üzrə isə bu göstəricinin daha da aşağı salınması mümkün olacaq.

Qurum rəsmisi ehtiyat qatarların cəlb edilməsinin də mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

“Hər iki xətt üzrə müxtəlif istiqamətlər nəzərə alınmaqla ehtiyat qatarların cəlb edilməsi Bakı Metropoliteninə sərnişin axınının dəyişkən xarakterinə daha operativ reaksiya verməyə imkan yaradacaq”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu tədbirlər xidmət mədəniyyətinin yüksəldilməsi və sərnişinlərin Bakı Metropolitenindən daha rahat istifadə etməsinin təmin olunması baxımından mühüm amillərdən biridir.