""Cəfər Cabbarlı" xəttində interval 8 dəqiqədən 3 dəqiqə 30 saniyəyə endiriləcək" - RƏSMİ

15 Avqust 2026 14:34 (UTC+04:00)

“Xətlərin ayrılmasının hansı müsbət dəyişikliklərə gətirib çıxaracağı sualına cavab verərkən, artıq bu gündən hiss olunmağa başlayan bir sıra dəyişiklikləri qeyd etmək vacibdir”.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov SİA-ya açıqlamasında deyib.

O bildirib ki, hazırda Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkət intervalı 1 dəqiqə 33 saniyədir. Xətlərin fiziki cəhətdən ayrılması nəticəsində isə Qırmızı xətt üzrə intervalın 1 dəqiqəyə qədər azaldılması mümkün olacaq.

B.Məmmədovun sözlərinə görə, bunun üçün “İçərişəhər” stansiyasında gücləndirmə işləri aparılıb, əlavə maşinistlər ayrılıb və qatarların stansiyanı daha operativ tərk etməsi təmin edilib.

“Eyni tədbirlərin Yaşıl xətt üzrə də tətbiqinə başlanılıb və burada da hərəkət intervalının mərhələli şəkildə azaldılması istiqamətində işlər aparılır”, – deyə o qeyd edib.

Qurum rəsmisi bildirib ki, xətlərin ayrılması sərnişinlərin hərəkətində də rahatlıq yaradacaq.

Onun sözlərinə görə, əvvəllər “Həzi Aslanov”dan “28 May” stansiyasına qədər həm Yaşıl, həm də Qırmızı xətt üzrə müxtəlif istiqamətlərə hərəkət edən qatarlar eyni sahədən istifadə edirdi. Bu isə sərnişin axınlarının toqquşmasına, vaqonların qarşısında sıxlığın yaranmasına və sərnişinlərin qatara minib-düşməsinin ləngiməsinə səbəb olurdu.

“Artıq qatarların birbaşa “İçərişəhər–Həzi Aslanov” istiqamətində hərəkət etməsi sərnişinlərin mənzil başına daha rahat və fasiləsiz çatmasına imkan verir”, – deyə B.Məmmədov vurğulayıb.

O qeyd edib ki, xətlərin ayrılmasından sonra iki dartı elektrik yarımstansiyasının inşası və bir yarımstansiyanın modernləşdirilməsi nəzərdə tutulur. Bu tədbirlərin qatarların hərəkət təhlükəsizliyinin daha yüksək səviyyəyə çatdırılmasına imkan verəcəyi bildirilib.

B.Məmmədov əlavə edib ki, “İçərişəhər” istiqamətində yeni nəsil qatarların hərəkət intensivliyinin artırılması da mümkün olacaq. Onun sözlərinə görə, əvvəl elektrik şəbəkəsindəki güc parametrləri səbəbindən daha yüksək enerji tələbatı olan yeni nəsil qatarların hərəkəti məhdud sayda mümkün idi.

Qurum rəsmisi bildirib ki, “Cəfər Cabbarlı–Nizami” mənzilində havalandırma şaxtasının inşası da həyata keçirilir.

“Bu, həmin mənzildə infrastrukturun dayanıqlığının və təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Tunellərin havalandırılması qatarların hərəkəti zamanı hava kütlələrinin stansiyalar istiqamətində hərəkətinin tənzimlənməsinə və stansiyalarda mikroiqlim şəraitinin optimallaşdırılmasına kömək edəcək”, – deyə B.Məmmədov bildirib.

Onun sözlərinə görə, 11 ay ərzində “Nizami–Cəfər Cabbarlı” istiqamətində geoloji təsirlər nəticəsində yaranmış məhdudiyyətlərin tamamilə aradan qaldırılması nəzərdə tutulur. Bu tədbirlər Yaşıl xətt üzrə hərəkət intervallarının minimuma endirilməsinə də əlavə imkan yaradacaq.

B.Məmmədov qeyd edib ki, hazırda “Cəfər Cabbarlı–28 May” stansiyaları arasında daha bir piyada keçidinin inşası başa çatmaq üzrədir.

“Xətlər ayrıldıqdan sonra qatarlar “Dərnəgül–Nizami–Cəfər Cabbarlı” istiqamətində hərəkət edəcək. Bir xətdən digərinə keçən sərnişinlər üçün daha təhlükəsiz və rahat şəraitin yaradılması baxımından bu piyada keçidi xüsusi əhəmiyyət daşıyır”, – deyə o vurğulayıb.

Qurum rəsmisi bildirib ki, hazırda “Cəfər Cabbarlı” xəttində qatarların hərəkəti 8 dəqiqəlik intervalla təmin olunur. Xətlərin ayrılması layihəsindən sonra Yaşıl xəttin də bu sahəyə qoşulması ilə intervalın 3 dəqiqə 30 saniyəyə qədər endirilməsi və xətt üzrə birbaşa hərəkətin təşkili mümkün olacaq.