“Son illər ərzində aparılan təhlillər göstərirdi ki, Bakı Metropolitenində sərnişin tələbatı getdikcə artacaq. Bu artan tələbat fonunda metropolitenin mövcud infrastrukturu, xüsusilə Qırmızı və Yaşıl xətlər üzrə sərnişin tələbatını ödəməkdə çətinlik çəkə və nəticədə həddindən artıq yüklənmə yarana bilərdi”.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov SİA-ya açıqlamasında deyib.
O bildirib ki, ötən dövrdə sərnişin sıxlığının qarşısının alınması və hərəkət intervallarının azaldılması istiqamətində bütün mümkün texniki tədbirlər həyata keçirilib.
B.Məmmədovun sözlərinə görə, nəticədə müştərək sahədə qatarlararası interval 1 dəqiqə 5 saniyəyə, hər bir xətt üzrə isə faktiki olaraq 3 dəqiqə 30 saniyəyə qədər endirilib.
“Lakin bundan sonrakı dövrdə sərnişin tələbatının artacağı nəzərə alınmaqla xətlərin ayrılması faktiki olaraq qaçılmaz məsələyə çevrilmişdi”, – deyə o vurğulayıb.
Qurum rəsmisi qeyd edib ki, dövlət proqramına uyğun olaraq Bakı Metropolitenində 10 yeni stansiyanın inşası nəzərdə tutulur. Bununla yanaşı, infrastrukturun modelləşdirilməsi və yenilənməsi, həmçinin yeni nəsil qatarların alınması planlaşdırılır.
O bildirib ki, xətlərin ayrılması, yeni stansiyaların inşası, infrastrukturun modernləşdirilməsi və qatar parkının yenilənməsi bir-biri ilə sıx bağlı proseslərdir.
“10 yeni stansiyanın istifadəyə verilməsi ilə Bakı Metropoliteninə olan tələbatın əsaslı şəkildə artacağı gözlənilir. Aparılan təhlillər göstərib ki, paytaxtda əsas sərnişin axınlarından biri Sumqayıt istiqaməti və Bakı-Şamaxı yolu üzərindən formalaşır. Həmin istiqamətlərdə ən yaxın stansiyalar “Avtovağzal” və “Xocəsən” olduğuna görə Bənövşəyi xətt üzrə yeni 6 stansiyanın inşası qərara alınıb”, – deyə B.Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda Bənövşəyi xətt Bakı Metropoliteninin ümumi sərnişinlərinin təxminən 3 faizini daşıyır. Sərnişinlərin təxminən 97 faizi isə Yaşıl və Qırmızı xətlərin payına düşür.
B.Məmmədov qeyd edib ki, Bənövşəyi xətt üzrə yeni stansiyaların inşası həmin istiqamətdən şəhər mərkəzinə sərnişin axınının daha çevik və sürətli təşkilinə, həmçinin paytaxtda nəqliyyat sıxlığının azaldılmasına xidmət edəcək.
Qurum rəsmisi əlavə edib ki, daha 4 stansiyanın “Xətai” stansiyasından sonra Yaşıl xətt üzrə inşası nəzərdə tutulur. Onun sözlərinə görə, Xətai rayonunu əhatə edən yaşayış massivləri ikinci mühüm sərnişin axını istiqamətlərindən biri olduğundan bu ərazi də prioritet seçilib.
“Bakı Metropolitenində sərnişin sayının artacağı fonunda xətlər ayrılmadığı təqdirdə daha ciddi yüklənmə baş verə bilərdi. Bu səbəbdən xətlərin ayrılması bir daha öz zəruriliyini və qaçılmazlığını göstərir”, – deyə B.Məmmədov vurğulayıb.
O bildirib ki, mövcud infrastrukturun yenilənməsi də metro prinsiplərinə uyğun həyata keçirilməlidir.
“Hər bir xətt müstəqil fəaliyyət göstərməli və özünün müstəqil infrastrukturuna malik olmalıdır. Bu da göstərir ki, xətlərin ayrılması olmadan infrastrukturun modelləşdirilməsi və modernləşdirilməsi, eyni zamanda qatarların hərəkətinin təşkili ilə bağlı müasir tədbirlərin həyata keçirilməsi mümkün olmayacaq”, – deyə o əlavə edib.
B.Məmmədovun sözlərinə görə, bütün bu tədbirlər hərəkət intervallarının azaldılmasına və sərnişin sıxlığının aradan qaldırılmasına xidmət edir.