“11 ay ərzində “Cəfər Cabbarlı” və “Nizami” stansiyalarını birləşdirəcək, uzunluğu 211 metrə yaxın olan tunellərin inşası həyata keçiriləcək. Bu tunellərin 39 metri artıq ikinci mərhələdə qazılıb”.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov SİA-ya açıqlamasında deyib.
O bildirib ki, tikinti işləri hazırda qatarların hərəkət etdiyi sahəyə yaxınlaşdığından qatarların hərəkətinin dayandırılması zəruri olub.
B.Məmmədov qeyd edib ki, tunellərin tikintisi ən müasir üsullardan istifadə edilməklə həyata keçirilir.
“Ətraf ərazidə təhlükəsizliyin təmin olunması, eyni zamanda ağır hidrogeoloji şəraitdə işlərin mümkün qədər sürətli, intensiv və təhlükəsiz aparılması məqsədilə Yeni Avstriya Tunel Metodundan istifadə olunur”, – deyə o vurğulayıb.
Qurum rəsmisinin sözlərinə görə, geoloji təsirlər də daxil olmaqla bütün məsələlər nəzərə alınaraq tikinti işlərinin 11 ay ərzində yekunlaşdırılması planlaşdırılır.