“Ekspress və müntəzəm avtobus marşrutlarının təşkilinə dair Bakı Metropolitenində mövcud olan bütün məlumatlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə təqdim olunub”.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov SİA-ya açıqlamasında deyib.
O bildirib ki, sərnişinlərin hər bir stansiyadan başlayaraq əsas hərəkət istiqamətləri üzrə müvafiq təhlillər aparılıb.
B.Məmmədov qeyd edib ki, ötən dövr ərzində iki qurum arasında qarşılıqlı fikir və təcrübə mübadiləsi həyata keçirilib, birgə müzakirələr aparılıb.
“Bu gün üçün 6 ekspress marşrut müəyyən olunub, 20 müntəzəm avtobus marşrutunun hərəkəti isə gücləndirilib. Əlavə avtobuslar ayrılmaqla hərəkət intervallarının tənzimlənməsi və artan sərnişin tələbatına uyğun müvafiq tədbirlərin görülməsi təmin edilib”, – deyə o vurğulayıb.
Qurum rəsmisi bildirib ki, qarşıdakı dövrdə hər iki qurum tərəfindən monitorinqlər davam etdiriləcək.
“Əlavə tələbat və ehtiyaclar müəyyən olunduğu halda, müvafiq qərarlar qəbul edilərək zəruri tədbirlər həyata keçiriləcək”, – deyə B.Məmmədov əlavə edib.