“Vətəndaş Tribunası” ictimai birliyi Naxçıvan şəhərində yerli ictimaiyyət nümayəndələrilə görüş keçirdi
“Böyük türk birliyinin inteqrasiya perspektivləri” layihəsi çərçivəsində yerli ictimaiyyət nümayəndələri ilə daha bir görüş 14 avqust 2026-cı ildə Naxçıvan şəhərində keçirilib. “Vətəndaş Tribunası” ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Naxçıvan MR-də reallaşdırdığı layihə tədbirləri bununla başa çatıb.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Orxan Məhərrəmov maarifləndirici missiya daşıyan belə görüşlərin vacibliyini vurğulayaraq dedi ki, muxtar respublikada belə tədbirlərin keçirilməsi cənab Prezident İlham Əliyevin Naxçıvana səfəri fonunda mühüm əhəmiyyət kəsb edir: naxçıvanlılar türk birliyi və Zəngəzur dəhlizi ilə bağlı bütün xəbərləri böyük həssaslıqla izləyirlər.
“Vətəndaş Tribunası” ictimai birliyinin sədri, layihə rəhbəri, yazıçı Səfər Alışarlı məruzə ilə çıxış edərək, indi regionda baş verən böyük hadisələrin təhlili üçün layihənin əhəmiyyət daşıdığını qeyd etdi. Bildirildi ki, dünyada təsir və nüfuz dairələrinin yenidən format olunduğu zamanda Azərbaycan bu qlobal dəyişikliklər məkanının bir hissəsinə çevrilib və öz milli maraqlarını bacarıqla qoruyur. 2009-cu ildə əsası Naxçıvan şəhərində qoyulmuş Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətində Azərbaycanın Türkiyə və Mərkəzi Asiya türk cümhuriyyətləri arasında körpü rolu daha da güclənib. Çin-Avropa marşrutu üzərində Orta Dəhliz kimi yaranan logistik xəttin Azərbaycandan və Türkiyədən keçməsi yüklərin daşınmasında bütün region ölkələrinə böyük fayda verməyə başlayıb. Bu dəhlizin mühüm qollarından biri olan Zəngəzur yolunun açılması üçün TRİPP layihəsi 8 avqust 2025-ci ildə Vaşinqtonda prezident Trampın iştirakı ilə imzalanıb. Artıq ABŞ hökuməti bu layihənin Ermənistan ərazisində icra edilməsinə 400 milyon diollardan artıq vəsait ayırıb. Qeyd edildi ki, Zəngəzur dəhlizinin açılmaması üçün də çalışan dövlətlər var. Onlar bəzi hallarda öz siyasi maraqlarını iqtisadi səmərələrlə pərdələməyə çalışır və bu məcrada Ermənistana təzyiq etməyə, regionda gərginliyi artırmağa çalışırlar.
Natiq vurğuladı ki, bugünlərdə türk birliyinin logistik mərkəzlərindən biri olan Naxçıvana 17-ci səfərini reallaşdıran cənab prezident İlham Əliyevin sərəncamı ilə muxtar respublikanın sosial-iqtisadi inkişafına 258 milyon manat vəsait ayırıldı. Burada yerinə yetirilən işlər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək, Naxçıvan Muxtar Respublikasında həyatın müxtəlif sahələrinin canlanmasına böyük təsir göstərəcək.
TDT-nin və onun yaratdığı qurumların fəaliyyətini yüksək qiymətləndirən S.Alışarlı 2024-cü ildə 34 hərfdən ibarət ortaq türk əlifbasının yaradılmasını, Novruz bayramını bütün türk xalqlarının eyni vaxtda qeyd etməsini, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş mədəni tədbirlərin 2026-cı ildə Bakıda keçirilməsini, türk xalqlarının birliyinin möhkəmlənməsinə xidmət edən digər tədbirlərin davamlı şəkildə həyata keçirilməsini vurğuladı.
Tədbirdə çıxış edən Əməkdar jurnalist, yazıçı-publisist Hüseyn Əsgərov, Əməkdar jurnalist Muxtar Məmmədov və başqaları Türk Dövlətləri Təşkilatının regionda və dünyanın qüvvələr balansında oynadığı rolu qeyd edərək bildirdilər ki, son iki yüz ildə rus imperiyası türk xalqlarını və onların tarixən məskunlaşdığı əraziləri parçalamaqla assimilyasiya siyasətini həyata keçirmişdir. Türk xalqlarının yenidən birləşməsi onların siyasi, iqtisadi və mədəni cəhətdən çiçəklənməsinə səbəb olacaq və xarici təhlükələrdən qoruyacaq. Bildirildi ki, Zəngəzur dəhlizi bu mənada təkcə yol yox, həm də mənəvi vəhdətin əsas amillərindən biridir. Çıxış edənlər Naxçıvan logistikası üzrə gedən yenidənqurma işlərindən danışaraq, Ermənistanda bu yolun açılması üçün işlərin ləng getdiyini diqqətə çatdırdılar.
Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış buklet və dəftərxana ləvazimatları paylanıb, foto və videoçəkilişlər aparılıb.
SİA