Əliyar Ağayev Mahir Emrelinin çıxış etdiyi komandanın oyununa təyinat alıb

14 Avqust 2026 15:45 (UTC+04:00)

Azərbaycanın FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarına təyinat alıblar.

SİA UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağayev Polşada “Rakuv” və Xorvatiyanın “Hayduk” komandası arasında keçiriləcək matçı idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaqlar. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. VAR hakimi ingiltərəli Piter Benks, onun köməkçisi isə azərbaycanlı İnqilab Məmmədov olacaq.

Görüş avqustun 27-də keçiriləcək. Məlumat üçün bildirək ki, “Rakuv”un heyətində Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir.

Elçin Məsiyevə isə “Rapid” (Avstriya) – “Harts” (Şotlandiya) oyunu tapşırılıb. Referiyə yan xətt hakimləri qismində Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim Fərid Hacıyev, VAR hakimləri Villi Delajo (Fransa) və Nicat İsmayıllı olacaqlar.

Bu qarşılaşma isə avqustun 26-da oynanılacaq.