“İrs Keşikçisi” filminin Azərbaycan dilinə tərcümə olunaraq Azərbaycan tamaşaçısına təqdim edilməsi təxminən bir il əvvəl irəli sürdüyümüz təşəbbüsün reallığa çevrilməsidir.
SİA xəbər verir ki, bu sözləri “China Media Group”un Çin Radio və Televiziya Mərkəzinin direktoru Van Lu Çin lideri Si Cinpinin milli mədəni irsin qorunmasına verdiyi töhfələrə həsr olunmuş “İrs Keşikçisi” sənədli filminin təqdimatı zamanı çıxışında deyib.
O bildirib ki, “İrs Keşikçisi” yalnız sənədli film deyil, həm də Çin və Azərbaycan xalqları arasında mədəni dialoqun nümunəsidir.
Van Lu qeyd edib ki, Çin və Azərbaycan qədim və zəngin mədəni irsə malik ölkələrdir. Onun sözlərinə görə, hər iki xalqı birləşdirən əsas məqamlardan biri keçmişi qorumaq, onu yaşatmaq və gələcək nəsillərə ötürməkdir.
“Bu filmin Azərbaycan dilində təqdim olunması onu göstərir ki, media yalnız xəbər ötürən vasitə deyil. Media insanları və xalqları bir-birinə yaxınlaşdıran güclü körpüdür”, – deyə o vurğulayıb.
CMG nümayəndəsi bildirib ki, layihə Çin Radio və Televiziya Mərkəzi ilə Azərbaycan mediası arasında əməkdaşlığın konkret nəticələrindən biridir. O qeyd edib ki, tərəflər arasında əməkdaşlıq yalnız hazır materialların mübadiləsi ilə məhdudlaşmır, əsas məqsəd xalqların bir-birini daha yaxından tanımasına imkan yaratmaqdır.
V.Lu vurğulayıb ki, Çin haqqında məlumatların Azərbaycan tamaşaçısına Azərbaycan dilində çatdırılması bu əməkdaşlığın mühüm nəticələrindən biridir.
O əlavə edib ki, media sahəsində əməkdaşlıqda bəzən böyük layihələrdən daha vacib olan sadə ideyalardır. Onun sözlərinə görə, əsas məsələ həmin ideyaya diqqətlə yanaşmaq və onun həyata keçirilməsi üçün iradə göstərməkdir.
Van Lu təşəbbüsün reallaşmasına dəstək göstərən Çin Media Qrupunun rəhbərliyinə və həmkarlarına təşəkkürünü bildirib.
“Əminəm ki, bu layihə bizim əməkdaşlığımızda növbəti mərhələnin başlanğıcı olacaq. Qarşıda Azərbaycan və Çin mediasının birlikdə həyata keçirə biləcəyi kifayət qədər maraqlı layihələr var”, – deyə o bildirib.
CMG nümayəndəsi Azərbaycan və Çin mediasının tarixi İpək yolu, “Bir Kəmər, Bir Yol” təşəbbüsü və Orta Dəhlizə həsr olunmuş birgə sənədli filmlər üzərində işləyə biləcəyini də diqqətə çatdırıb.