“İrs Keşikçisi” sənədli filminin Azərbaycan dilində yayımlanmasının şahidi olmaqdan böyük məmnunluq duyuram. Bu layihə Çin və Azərbaycan arasında media və humanitar əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcək.
SİA xəbər verir ki, bu sözləri Çinin Azərbaycandakı səfiri Lu Mey Çin lideri Si Cinpinin milli mədəni irsin qorunmasına verdiyi töhfələrə həsr olunmuş “İrs Keşikçisi” sənədli filminin təqdimatı zamanı çıxışı zamanı deyib.
O bildirib ki, Çin və Azərbaycan qədim tarixə və zəngin sivilizasiyaya malik ölkələrdir. Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin tarixi qədim İpək Yoluna gedib çıxır və son illərdə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyevin strateji rəhbərliyi ilə Çin-Azərbaycan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub.
Səfir qeyd edib ki, hazırda iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələr genişlənir, qarşılıqlı səfərlər və mübadilələr intensivləşir. O vurğulayıb ki, “Bir Kəmər, Bir Yol” təşəbbüsünün birgə həyata keçirilməsi çərçivəsində mühüm nəticələr əldə olunub.
Lu Meyin sözlərinə görə, mədəniyyət, təhsil, media, turizm, elm və texnologiyalar, gənclər arasında mübadilələr və digər istiqamətlərdə əməkdaşlığın genişlənməsi iki xalqın bir-birinin tarixi və mədəni irsi ilə daha yaxından tanış olmasına imkan yaradır.
Diplomat bildirib ki, “İrs Keşikçisi” sənədli filmi “China Media Group”un Çin Radio və Televiziya Mərkəzi tərəfindən Azərbaycan dilində təqdim olunmaq üçün xüsusi hazırlanıb. O, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və ARB24 telekanalının filmin Azərbaycanda yayımlanmasına göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
“Filmin Azərbaycanda uğurla nümayiş etdirilməsi yalnız Çin və Azərbaycan mediası arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərmir, həm də Azərbaycanlı tamaşaçılara Çin Xalq Respublikasının Sədri Si Cinpinin mədəniyyətə dair düşüncələrini daha dərindən anlamağa imkan verəcək”.
L.Mey qeyd edib ki, Çin Radio və Televiziya Mərkəzi gələcəkdə Azərbaycan mediasına bir sıra yüksək keyfiyyətli proqramlar təqdim edəcək. Onun sözlərinə görə, bu layihələr Azərbaycan tamaşaçıları üçün müasir Çini və Çin xalqının ənənəvi mədəniyyətini daha yaxından tanımaq baxımından mühüm əhəmiyyət daşıyacaq.
Səfir vurğulayıb ki, sivilizasiyalararası mübadilə və qarşılıqlı öyrənmə xalqlar arasında anlaşmanın möhkəmlənməsinə xidmət edir. O əlavə edib ki, Çin və Azərbaycan arasında humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş perspektivlər mövcuddur.
Lu Mey bildirib ki, Çin tərəfi Azərbaycanla birlikdə Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə həyata keçirməyə, sivilizasiyalararası qarşılıqlı öyrənmə və dostluq ənənələrini inkişaf etdirməyə hazırdır.
O, iki ölkənin mədəniyyət, media, təhsil və digər sahələrinin nümayəndələrinin əməkdaşlığı daha da gücləndirərək Çin-Azərbaycan dostluğu haqqında yeni layihələr və hekayələr ərsəyə gətirəcəyinə ümidvar olduğunu bildirib.