Kartdan-karta pul köçürmələrinə limit qoyulmasının əsas səbəbi nədir? - AÇIQLANDI

14 Avqust 2026 12:48 (UTC+04:00)

Kartdan-karta pul köçürmələrinə tətbiq edilən məhdudiyyətlərlə bağlı qərarın hüquqi əsasları ciddi suallar doğurur. Çünki vətəndaşların hüquqlarını məhdudlaşdıran hər hansı qayda qanunvericiliklə müəyyən edilməlidir. Belə bir məhdudiyyətin sadəcə banklar və hansısa assosiasiyalar arasında əldə olunan razılaşma əsasında tətbiq edilməsi doğru deyil.

Bu barədə SİA-ya bank məsələləri üzrə ekspert Əkrəm Həsənov danışıb.

O bildirib ki, bu məhdudiyyətləri qeyri-şəffaf əməliyyatların və vergidən yayınmanın qarşısının alınması ilə əsaslandırırlar. Əslində, məqsəd müəyyən qədər başadüşüləndir. Azərbaycanda bəzi sahibkarlar vergi öhdəliklərindən yayınmaq üçün müştərilərdən ödənişi sahibkarlıq hesabına deyil, şəxsi bank kartlarına köçürmələrini istəyirlər. Amma bunun qarşısını almağın yolu bütün vətəndaşlar üçün kartdan-karta əməliyyatlara məhdudiyyət qoymaq deyil:

“Normal vergi və iqtisadi hüquq sistemi olan ölkələrdə əsas mexanizm vətəndaşın gəlirlərini bəyan etməsidir. Dövlət orqanları şəxsin hesablarındakı pul dövriyyəsini görür, həmin məlumatları bəyannamədə göstərilən gəlirlərlə müqayisə edir və uyğunsuzluq aşkarlandıqda bunun mənbəyini araşdırırlar.

Azərbaycanda isə əsas problem bəyannamə sisteminin effektiv tətbiq olunmamasıdır. Banklar və vergi orqanları vətəndaşların kart əməliyyatlarını görə bilirlər. Amma vətəndaşdan gəlirinin mənbəyini sistemli şəkildə bəyan etməsi tələb olunmadığı üçün bu məlumatların hüquqi mexanizmlə müqayisəsi mümkün deyil. Nəticədə problemin həlli üçün daha primitiv üsula – əməliyyatlara limit qoyulmasına əl atılır.

Hələ 2005-ci ildə Azərbaycanda vəzifəli şəxslərin gəlirlərinin bəyan edilməsi ilə bağlı qanun qəbul olunub. Lakin bunun üçün tələb olunan bəyannamə formasının təsdiqlənməməsi səbəbindən sistem faktiki olaraq işləmir. Əgər bu mexanizm tam tətbiq olunsaydı, məmurların və digər şəxslərin bəyan etdikləri gəlirlərlə real həyatdakı xərcləri arasında uyğunsuzluqlar daha asan müəyyən edilə bilərdi.

Kartdan-karta əməliyyatlara tətbiq edilən limit əksər hallarda adi vətəndaş üçün ciddi problem yaratmaya bilər. Lakin ayrı-ayrı hallarda insanların hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər. Məsələn, bir şəxsin digər vətəndaşa 25 min manat borcu varsa və həmin məbləği qaytarmaq istəyirsə, müəyyən edilmiş limit buna mane ola bilər. Bu zaman sual yaranır: vətəndaş öz qanuni vəsaitini niyə istədiyi formada köçürə bilməməlidir?

Digər tərəfdən, vergidən yayınmaq istəyən şəxslər üçün belə məhdudiyyətlər problemi tam həll etməyəcək. Onlar ailə üzvlərinin kartlarından istifadə edə, nağd ödənişlərə keçə və başqa üsullara əl ata bilərlər. Bu isə əksinə, nağd dövriyyənin artmasına səbəb ola bilər. Nağd iqtisadiyyatın böyüməsi isə həm cəmiyyət, həm də dövlət üçün daha ciddi problemdir”.

Ayşən Vəli