Ötən gün 62 cinayətin açılması təmin olunub

14 Avqust 2026 12:30 (UTC+04:00)

Avqustun 13-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 130, o cümlədən borclu şəxs qismində axtarışda olan 102, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 və dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 52,5 kiloqrama yaxın narkotik vasitə və 42 metadon həbi aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 tüfəng və 40 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər də saxlanılıb.