Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

14 Avqust 2026 11:45 (UTC+04:00)

Baş prokuror Kamran Əliyev Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Meyi qəbul edib.

Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror Azərbaycanla Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, dövlətlərimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığı haqqında danışıb.

Baş prokuror qeyd edib ki, Çin uzun illər ərzində müxtəlif beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini və siyasi təşəbbüslərini dəstəkləyib, dövlət başçılarının siyasi iradəsi və mütəmadi təmasları nəticəsində Azərbaycan-Çin münasibətləri son illərdə dinamik inkişaf edərək hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ildə Çinə iki səfəri və həmin ilin aprelində Çin Xalq Respublikasının sədri Si Cinpinlə "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"ın imzalanması bunun mühüm göstəricilərindəndir.

Dövlətlərarası münasibətlərin yüksək səviyyəsi Azərbaycan və Çin prokurorluq orqanları arasında əlaqələrin inkişafına da müsbət təsir göstərərək qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın və təcrübə mübadiləsinin genişlənməsinə əlverişli zəmin yaradıb.

Görüş zamanı, həmçinin, cari ilin aprel ayında Şanxay şəhərində Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqla baş tutmuş görüşün qurumlararası münasibətlərə xüsusi töhvə verdyini də qeyd olunub.

Daha sonra cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, praktiki əməkdaşlıq məsələləri, həmçinin, hüquqi və institusional əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılaraq razılıq əldə olunub.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Lu Mey ikitərəfli münasibətlərə toxunaraq Çin Xalq Respublikasının Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.