"ABŞ-İran qarşıdurması quru əməliyyatlarına keçmədən səngiyib" - POLİTOLOQ DANIŞDI

14 Avqust 2026 11:32 (UTC+04:00)

"ABŞ-İran münasibətləri və iki ölkə arasında baş verən qarşıdurma hazırda atəşkəs vəziyyətindədir. Amma mən hesab edirəm ki, ABŞ-İran qarşıdurmasını tam mənada müharibə adlandırmaq doğru olmaz".

Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Politoloqun sözlərinə görə, çünki burada quru əməliyyatları keçirilmədi, əsasən raket zərbələri və müxtəlif hərbi əməliyyatlar həyata keçirildi:

"Məsələn, Rusiya-Ukrayna müharibəsində artıq beş ilə yaxındır müxtəlif miqyasda quru əməliyyatları aparılır. Buna baxmayaraq, Rusiya tərəfi belə, bu prosesi uzun müddət “xüsusi hərbi əməliyyat” adlandırırdı.

ABŞ-İran qarşıdurmasında da ayrı-ayrı zərbələr və hərbi əməliyyatlar baş verdi. Tərəflər bir-birinə zərbələr endirdilər, müəyyən gərginliklər yaşandı. Lakin bu qarşıdurma genişmiqyaslı quru əməliyyatlarına və böyük müharibəyə çevrilmədi.

Hazırda isə vəziyyət, müəyyən mənada, əvvəlki mərhələyə qayıdıb. Yəni qarşıdurma hələ də davam edir, amma əsasən hərbi təhdidlər və qarşılıqlı xəbərdarlıqlar müstəvisində qalır. Mənim hazırkı müşahidəm bundan ibarətdir ki, ABŞ-İran qarşıdurması hələlik genişmiqyaslı müharibəyə çevrilməyib və tərəflər əvvəlki vəziyyətə yaxın bir mərhələyə qayıdıblar".