"Naxçıvan Azərbaycanın yeni regional nəqliyyat və iqtisadi mərkəzinə çevrilir" - MİLLƏT VƏKİLİ

14 Avqust 2026 11:13 (UTC+04:00)

"Prezident İlham Əliyevin Azərbaycan televiziyasına açıqlamaları Azərbaycanın regional kommunikasiya qovşağı kimi artan rolunun, bu çərçivədə Naxçıvanın müxtəlif nəqliyyat istiqamətlərinin birləşdiyi qovşağa çevrilməsinin təsdiqi baxımından çox əhəmiyyətlidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Naxçıvanda verdiyi mesajlardan görünür ki, Zəngəzur bağlantısına artıq yalnız Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsi kimi baxılmır. Onun funksiyası daha genişdir: "Asiya ilə Avropanı, Şərqlə Qərbi və eyni zamanda Şimalı Cənubla birləşdirən çoxşaxəli tranzit sisteminin mühüm halqasına çevrilməkdir. Prezident İlham Əliyev Naxçıvanın “əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə” çevrilə biləcəyi mesajını verdi. Prezidentin açıqladığı 15 milyon tonluq yükdaşıma potensialı da məhz bu miqyasdan xəbər verir. Bu, hazırkı illik 1,5 milyon tonluq yükdaşıma qabiliyyətinin 1,5 dəfə artması deməkdir.

Zəngəzur dəhlizi və Naxçıvan bağlantısı regional kommunikasiya arxitekturasında yeni mərkəzi mövqeyini möhkəmləndirir. Ən mühüm yeni məqam odur ki, Prezident 42 km-lik Zəngəzur dəhlizinin ilkin olaraq nəqliyyat layihəsi kimi nəzərdə tutulduğunu, lakin indi ona daha geniş baxıldığını bildirir. Buraya dəmir yolu, avtomobil yolu, elektrik xətləri, fiber-optik kabel, gələcəkdə neft-qaz kəmərləri daxil ola bilər. Zəngəzur layihəsinə artıq multimodal kommunikasiya dəhlizi kimi baxılır. Müsahibənin ən strateji hissələrindən biri budur.

Zəngəzur bağlantısının açılması bu mövcud sistemə yeni bir ölçü əlavə edir. Naxçıvan üzərindən Türkiyəyə çıxışın təmin olunması Orta Dəhlizin marşrutlarını şaxələndirir. Naxçıvanın Türkiyə və daha geniş Türk dünyası ilə bağlantısı bu mövqenin konkret iqtisadi əsaslarını yaradır. Yeni texniki-iqtisadi əsaslandırma işlənilib – dəmir yolunun uzunluğu 194 kilometr olacaq. Dəhlizin Naxçıvan üzərindən açılması Azərbaycandan İrana ikinci dəmir yolu bağlantısı yaradacaq və Şimal-Cənub marşrutunun Fars körfəzi, eləcə də Pakistan istiqamətində genişlənməsinə imkan verəcək. Bu baxımdan Naxçıvan yeni regional nəqliyyat bağlantılarının mühüm qovşaqlarından birinə çevriləcəkdir. Belə ki, Naxçıvan dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin qoluna, həm də Şimal-Cənub nəqliyyat dəhlizinin qoluna çevrilə bilər. Avropa İttifaqının “Qlobal Qapı” təşəbbüsü çərçivəsində Naxçıvan dəmir yol şəbəkəsinə marağını nəzərə alaraq, Avropa İttifaqı Şurasının Prezidenti Koştanın, Aİ Komissiyasının Prezidenti xanım von der Leyenin bəyanatlarında bu məsələnin yer alması potensial əməkdaşlıq imkanından xəbər verir. Burada da mümkün tərəfdaşlara ünvanlanmış şərtlər bəyan edildi. Prezident Naxçıvan dəmir yolunun müasirləşdirilməsinin beynəlxalq investorlardan ibarət konsorsiumla əməkdaşlıq formatında da mümkünlüyünü istisna etmədi. Burada əsas məsələ, əsas nəzarət paketinin Azərbaycan tərəfinin əlində qalmasıdır.

Əgər əvvəlki mərhələdə əsas məqsəd Naxçıvanın blokada şəraitində təhlükəsizliyini və yaşayış qabiliyyətini təmin etmək idisə, yeni mərhələdə məqsəd Naxçıvanı regional əlaqələndirici mərkəzə çevirməkdir. Zəngəzur/TRIPP bu strategiyanın mühüm, lakin yeganə elementi deyil. Naxçıvan eyni zamanda Türkiyə, İran, Türk dünyası, Şərq-Qərb və Şimal-Cənub marşrutlarını birləşdirən geoiqtisadi platforma kimi nəzərdən keçirilir.

Bu baxımdan 11 avqust müsahibəsinin ən mühüm mesajını belə ümumiləşdirmək olar: Naxçıvan artıq yalnız Azərbaycanın əsas hissəsindən ayrı yerləşən strateji ərazi deyil; Azərbaycanın yeni regional nəqliyyat, enerji və iqtisadi bağlantılar sisteminin mühüm mərkəzlərindən birinə çevrilir. Prezidentin təqdim etdiyi konsepsiyada Naxçıvanın gələcəyinin spesifik coğrafi vəziyyətdən doğan risklərin potensiala çevrilməsi və bununla bağlantı, tranzit, enerji, investisiya və regional əməkdaşlıqda mövqeyinin möhkəmləndirilməsidir".