"Cənab Prezident İlham Əliyev müntəzəm olaraq Azərbaycanın müxtəlif regionlarına səfərlər edir, həmin ərazilərdə yaradılmış infrastrukturu və mövcud vəziyyəti yerindəcə öyrənir. Bu baxımdan, dövlət başçısının Naxçıvana son səfəri də istisna deyil".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
_(1).jpg)
Onun sözlərinə görə, Prezidentin Naxçıvanda keçirdiyi müxtəlif görüşlər və həmin görüşlər zamanı səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Naxçıvan Azərbaycanın iqtisadi, sosial, siyasi və xüsusilə də enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyan bölgələrindən biridir:
"Naxçıvan bütün tarixi dövrlərdə Azərbaycan üçün mühüm strateji əhəmiyyət kəsb edib. Dövlət başçısının səfər çərçivəsindəki çıxışlarında da bu məsələlərə xüsusi diqqət yetirildi. Naxçıvanda yaradılmış və gələcəkdə yaradılacaq infrastruktur, eləcə də ordu quruculuğu ilə bağlı görülən işlər barədə məlumat verildi. Bu da onu göstərir ki, Naxçıvanın çoxvektorlu inkişafı, o cümlədən hərbi quruculuq istiqamətində inkişafı dövlət başçısının xüsusi diqqətində olan məsələlərdəndir.
Ümumiyyətlə, Naxçıvan təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün mühüm strateji əhəmiyyət daşıyır. Mən region deyəndə yalnız Cənubi Qafqazı nəzərdə tutmuram. Çünki perspektivdə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında quru əlaqəsinin təmin olunması Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafında mühüm mərhələ ola bilər.
Bu, eyni zamanda, Mərkəzi Asiya dövlətləri və Azərbaycan üzərindən beynəlxalq nəqliyyat marşrutlarına qoşulan digər ölkələr üçün də yeni iqtisadi imkanlar və dividendlər yarada bilər. Nəqliyyat əlaqələrinin genişlənməsi ticarətin, logistikanın və regional iqtisadi əməkdaşlığın inkişafına ciddi töhfə verə bilər.
Bu baxımdan, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında quru yolunun təmin olunması, hesab edirəm ki, strateji əhəmiyyət daşıyan məsələlərdən biridir. Bu məsələ Azərbaycanın regional və beynəlxalq nəqliyyat imkanlarının genişlənməsi baxımından da xüsusi önəm kəsb edir.
Mən istisna etmirəm ki, yaxın gələcəkdə Azərbaycan hakimiyyətinin prioritetləri sırasında olan bu məsələ də öz həllini tapacaq. Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dayanıqlı quru əlaqəsinin təmin olunmasından sonra həm Azərbaycan, həm region, həm də daha geniş anlamda beynəlxalq nəqliyyat və iqtisadi əlaqələr baxımından tamamilə yeni mərhələnin başlanması mümkündür".