BƏƏ İranı Hörmüz boğazında ADNOC-a məxsus iki gəmiyə hücumu ittiham edib

14 Avqust 2026 10:16 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranı Hörmüz boğazından keçən ADNOC (Abu Dhabi National Oil Company) şirkətinə məxsus iki gəmiyə hücum etməkdə ittiham edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, BƏƏ Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Rəsmi Əbu-Dabi hücumu "piratçılıq aktı" adlandıraraq, bunu regional sabitliyə və qlobal enerji təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndirib.

ADNOC şirkəti də hadisəni təsdiqləyərək vəziyyətin nəzarət altına alındığını açıqlayıb. Şirkət hücumun gəmilərin fəaliyyətinə təsir göstərdiyini bildirsə də, müştərilər qarşısındakı öhdəliklərini yerinə yetirməyə davam edəcəyini vurğulayıb. Gəmilərin hansı yükü daşıdığı və dəyən ziyanın miqyası barədə ətraflı məlumat verilməyib.

Bu, son bir həftə ərzində ADNOC-a bağlı gəmilərə qarşı qeydə alınan ikinci belə insidentdir. Hadisə ABŞ-İran qarşıdurması fonunda Hörmüz boğazında təhlükəsizlik vəziyyətinin daha da gərginləşdiyi dövrə təsadüf edir. Dünyada neft və mayeləşdirilmiş təbii qaz daşımalarının böyük hissəsi məhz bu strateji su yolundan həyata keçirilir.

İran tərəfi isə BƏƏ-nin ittihamlarına hələlik rəsmi münasibət bildirməyib.