Nazirlik beynəlxalq ictimaiyyəti İsrailə qarşı təsirli tədbirlər görməyə çağırıb

14 Avqust 2026 10:10 (UTC+04:00)

BMT və Fələstin İsrailli məskunlaşanların İordan çayının qərb sahilində evləri mühasirəyə almasını pisləyib

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) və Fələstin Xarici İşlər Nazirliyi işğal altındakı İordan çayının qərb sahilində yerləşən Qusra kəndində israilli məskunlaşanların fələstinli ailələrin evlərini günlərlə mühasirədə saxlamasını qəti şəkildə pisləyib. Hər iki qurum baş verənləri "cinayət xarakterli" və "qeyri-insani" addım kimi qiymətləndirib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, israilli məskunlaşanlar bir neçə fələstinli ailənin evlərinə gedən yolları bağlayaraq onların ərzaq, su və digər zəruri ehtiyaclara çıxışını məhdudlaşdırıblar. Hadisə bölgədə gərginliyi daha da artırıb.

BMT İsrail hakimiyyətini mülki əhalinin təhlükəsizliyini təmin etməyə, məskunlaşanların zorakılıq hərəkətlərinin qarşısını almağa və beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırıb.

Fələstin Xarici İşlər Nazirliyi isə bəyan edib ki, Qusra kəndində baş verənlər fələstinlilərin öz torpaqlarından sıxışdırılıb çıxarılmasına yönəlmiş sistemli siyasətin tərkib hissəsidir. Nazirlik beynəlxalq ictimaiyyəti İsrailə qarşı təsirli tədbirlər görməyə çağırıb.

Son günlər Qusra kəndində baş verən hadisələr beynəlxalq diqqət mərkəzinə düşüb. ABŞ-ın İsraildəki səfiri də daha əvvəl məskunlaşanların bu hərəkətlərini "terror aktı" kimi qiymətləndirmişdi.