Malidə silahlı qrupların əsir götürdüyü 82 hərbçi azad edilib

14 Avqust 2026 09:55 (UTC+04:00)

Mali hökuməti ölkənin şimalında silahlı qruplar tərəfindən əsir götürülmüş 82 hərbçinin azad olunduğunu açıqlayıb. Hərbçilərin hazırda dövlət orqanlarının nəzarətində olduğu və onlara tibbi, eləcə də psixoloji yardım göstərildiyi bildirilib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu hərbçilər 2026-cı ilin aprelində ölkə üzrə eyni vaxtda həyata keçirilən genişmiqyaslı hücumlar zamanı əsir götürülmüşdülər. Hücumlarda Tuareq separatçılarının rəhbərlik etdiyi Azavad Azadlıq Cəbhəsi (FLA) və “Əl-Qaidə” ilə əlaqəli silahlı qrupların iştirak etdiyi bildirilir.

Azavad Azadlıq Cəbhəsinin nümayəndəsi hərbçilərin azadlığa buraxıldığını təsdiqləyərək bunu humanitar addım kimi qiymətləndirib. Bununla belə, məlumatlara əsasən, hələ də təxminən 118 Malili hərbçi silahlı qrupların əlində qalır.

Mali son illərdə həm cihadçı qrupların, həm də Tuareq separatçılarının silahlı hücumları ilə üzləşir. Ölkənin şimalı və mərkəzində təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır və hökumət bölgədə nəzarəti bərpa etmək üçün əməliyyatlarını davam etdirir.