"Maaşların artırılması hər zaman əhalinin sosial rifahının yüksəlməsi anlamına gəlmir. Sosial rifahı qiymətləndirərkən yalnız nominal maaş artımına deyil, eyni zamanda inflyasiya səviyyəsinə, alıcılıq qabiliyyətinə, bazarda qiymətlərin dinamikasına və insanların gündəlik xərclərinə kompleks şəkildə baxmaq lazımdır".
Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
_(1).jpg)
Ekspert sözlərinə belə davam edib:
"Ümumiyyətlə, insanın sosial rifahı təkcə aldığı maaşla ölçülmür. Burada onun alıcılıq qabiliyyəti, yaşayış xərcləri, kommunal ödənişləri, səhiyyə və təhsil xidmətlərinə çıxışı, mənzil təminatı, məşğulluq imkanları və ümumi iqtisadi sabitlik də mühüm rol oynayır.
Maaş artımı inflyasiya ilə uzlaşmalıdır. Əgər maaşlar inflyasiya səviyyəsinə uyğun artırılmırsa, bu zaman real gəlirlər azalır və insanların sosial rifahına birbaşa mənfi təsir göstərir. İnsanlar ilk növbədə sabit və vacib olmayan xərclərini azaltmağa çalışırlar. Digər tərəfdən, gündəlik istehlak məhsullarının, ərzağın, dərmanların və kommunal xidmətlərin bahalaşması ailələrin büdcəsini daha da ağırlaşdırır.
Bu proses zəncirvari xarakter daşıyır. İnflyasiya yüksəldikcə, maaş artımı onu kompensasiya etmədikdə əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşür. Qida məhsullarına tələbat zəruri olduğu üçün bu sahədə azalma nisbətən məhdud olur. Lakin qeyri-ərzaq sektorunda, xüsusilə tikinti materialları, mebel, geyim, məişət texnikası və digər istehlak mallarına tələbat azalır. Bu isə ilk növbədə kiçik və orta sahibkarlığa mənfi təsir göstərir, satış dövriyyəsini zəiflədir və iqtisadi aktivliyi azaldır.
Digər mühüm məsələ idxaldan asılılıqdır. Xaricdən məhsul gətirən sahibkarlar məhsulları əsasən xarici valyuta ilə aldıqları üçün dollar və ya avronun bahalaşması onların maya dəyərini artırır. Nəticədə onlar qiymətləri qaldırmağa məcbur qalırlar. Bu isə son nəticədə yenidən istehlakçının üzərinə əlavə maliyyə yükü qoyur və inflyasiya təzyiqini daha da artırır.
Hazırda dünyanın bir çox ölkəsində sosial rifahın zəifləməsi müşahidə olunur. Bunun əsas səbəblərindən biri pandemiyadan sonrakı iqtisadi dövrdür. Pandemiya zamanı istehsal zəncirləri ciddi şəkildə pozuldu, bir çox müəssisələrin fəaliyyəti dayandı, logistika xərcləri kəskin artdı. Sonrakı dövrdə isə Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən hərbi gərginliklər, xüsusilə ABŞ–İsrail–İran qarşıdurmasının yaratdığı risklər beynəlxalq ticarətə və enerji bazarına ciddi təsir göstərdi.
Bundan əlavə, Hörmüz boğazında və Fars körfəzi istiqamətində yaranan gərginlik, eləcə də Çindən Avropa və digər bazarlara daşınan yüklərin marşrutlarında baş verən problemlər logistika xərclərini artırdı. Bu isə idxal olunan məhsulların qiymətinə birbaşa təsir göstərərək dünya üzrə inflyasiya prosesini sürətləndirdi.
Əslində sosial rifahı yalnız maaşın məbləği ilə qiymətləndirmək düzgün yanaşma deyil. Əsas göstərici insanların həmin maaşla hansı həcmdə mal və xidmət əldə edə bilməsidir. Əgər maaş artımı inflyasiyanı üstələyir və insanların real alıcılıq qabiliyyəti yüksəlirsə, yalnız o zaman sosial rifahın artmasından danışmaq olar. Əks halda nominal maaş artımı statistik göstərici olaraq qalır və insanların gündəlik həyatında ciddi müsbət dəyişiklik yaratmır. Bu səbəbdən iqtisadi siyasətdə əsas məqsəd yalnız maaşların artırılması deyil, eyni zamanda inflyasiyanın nəzarətdə saxlanılması, istehsalın genişləndirilməsi, orta və kiçik sahibkarlığın dəstəklənməsi və əhalinin real gəlirlərinin qorunması olmalıdır".