Yaponiyada rekord yağıntıların səbəbindən 4 nəfər ölüb, minlərlə insan köməksiz qalıb

14 Avqust 2026 09:47 (UTC+04:00)

Yaponiyanın Tokio şəhərinin şərqində yerləşən Çiba prefekturasında yağan rekord səviyyəli leysan yağışları genişmiqyaslı daşqınlara səbəb olub. Nəticədə azı 4 nəfər həyatını itirib, minlərlə insan isə nəqliyyatın dayanması səbəbindən köməksiz vəziyyətdə qalıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bəzi ərazilərdə son 24 saat ərzində 360 millimetrdən çox yağıntı qeydə alınıb. Güclü yağış yolları və dəmir yolu xətlərini su altında qoyub. Ölənlər arasında sel sularına qərq olmuş avtomobildə qalan 66 yaşlı qadın və daşqın sularında tapılan yaşlı kişi də var. Bundan əlavə, daha bir nəfərin itkin düşdüyü bildirilir.

Təbii fəlakət nəticəsində 22 mindən çox ev təsərrüfatı elektrik enerjisiz qalıb. Yerli hakimiyyət orqanları 230 mindən çox sakinə təhlükəsiz ərazilərə təxliyə olunmaq barədə xəbərdarlıq edib. Xilasetmə əməliyyatlarına Yaponiya Özünümüdafiə Qüvvələrinin hərbçiləri də cəlb olunub.

Daşqınlar nəqliyyata da ciddi təsir göstərib. Çiba şəhərində yerləşən Soqa dəmiryol stansiyasında təxminən 4 min sərnişin gecəni keçirmək məcburiyyətində qalıb. Tokioya xidmət göstərən Narita Beynəlxalq Hava Limanında isə minlərlə sərnişin qatarların işləməməsi səbəbindən hava limanını tərk edə bilməyib. Uçuşlar əsasən davam etsə də, bəzi reyslərdə gecikmələr qeydə alınıb.

Yaponiya Meteorologiya Agentliyi yağışların intensivliyinin azaldığını bildirsə də, gün ərzində yenidən güclü yağıntıların gözlənildiyini açıqlayıb və əhalini sel və torpaq sürüşməsi təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb.