İordan çayının qərb sahilindəki xristian qəsəbəsi son hücumlarla üz-üzədir

14 Avqust 2026 09:40 (UTC+04:00)

İşğal altındakı İordan çayının qərb sahilində yerləşən və tamamilə xristianların yaşadığı son Fələstin qəsəbəsi olan Taybeh son aylarda yəhudi məskunlaşmaçıların hücumları səbəbindən dərin qorxu içində yaşayır. Sakinlər bildirirlər ki, gecələr evlərini qorumaq üçün növbə çəkir, yanğınsöndürən balonlar saxlayır və hər an yeni hücumun baş verəcəyindən ehtiyat edirlər.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qəsəbə sakini Sandra Basir deyir ki, ailəsi qonşularının avtomobili yandırıldıqdan sonra evdə daim yanğınsöndürən balonlar saxlayır. Onun sözlərinə görə, təcili yardım və mülki müdafiə qüvvələri hadisə başa çatdıqdan sonra əraziyə gəlib.

Sandra bildirir ki, yeddi yaşlı oğlu artıq çöldə oynamaq istəmir və atasının işə getməsindən qorxur:

“O, hər gün atasına işə getməməyi xahiş edir. Uşaq bu yaşda qorxu ilə deyil, oyunla böyüməlidir.”

Qəsəbə sakini Roland Basir 20 ildən çox müddətdə qurduğu daş karxanası və beton blok istehsalı müəssisəsinə təxminən 5 milyon dollar sərmayə yatırdığını deyir. Vaxtilə 40 nəfəri işlə təmin edən müəssisə son illərdə ardıcıl hücumlara məruz qalıb.

Onun sözlərinə görə, silahlı məskunlaşmaçılar işçiləri ərazidən qovub, texnikanı yandırıb, mart ayında isə 30-40 nəfərlik qrup müəssisəyə daxil olaraq ofisi dağıdıb, elektrik avadanlıqlarını sıradan çıxarıb və müşahidə kameralarını məhv edib. Nəticədə Basir fəaliyyətini tamamilə dayandırmağa məcbur qalıb.

Tarixi və dini əhəmiyyəti ilə tanınan Taybeh İordan çayının qərb sahilində tamamilə xristianların yaşadığı son yaşayış məntəqəsi hesab olunur. Burada hazırda təxminən 1200 nəfər yaşayır. Qəsəbədə V əsrə aid Müqəddəs Georgi kilsəsinin qalıqları yerləşir.

Yerli sakinlər bildirirlər ki, son illərdə qəsəbənin ətrafında yeni məskunlaşma məntəqələri salınıb və hücumlar daha da intensivləşib. Fermerlər torpaqlarına daxil olmaqda çətinlik çəkir, əkin sahələri və zeytun bağları zərər görür.

Yerli keşiş Başar Favadlenin sözlərinə görə, son iki ildə ən azı 15 ailə Taybehi tərk edib. Onların əksəriyyəti ABŞ və Avropa ölkələrinə köçüb. Bununla belə, qəsəbədə qalan sakinlər doğma torpaqlarını tərk etmək istəmədiklərini bildirirlər.

Roland Basir deyir: “Onlar torpağımı, zavodumu əlimdən aldılar. İndi daha nəyi almaq istəyirlər? Evimi, yoxsa uşaqlarımı?”

Taybehdə baş verən hadisələr İordan çayının qərb sahilində son dövrlərdə artan məskunlaşmaçı zorakılığı fonunda baş verir. Son günlər bölgədə baş verən hücumlar beynəlxalq narahatlığa səbəb olub və ABŞ rəsmiləri də bəzi hadisələri açıq şəkildə pisləyiblər.