"Həşərat zəhərlərinin insan orqanizminə təsiri yüngül reaksiyalardan tutmuş güclü allergik reaksiyalara və hətta ölümə qədər dəyişə bilər. İstənilən həşəratın zəhərinin və ya toksininin orqanizmə daxil olması bəzi insanlarda ciddi reaksiyalara səbəb ola bilər. Xüsusilə arı sancması zamanı güclü anafilaktik reaksiya baş verə bilər".
Bu sözləri SİA-ya açıqlamasında tibb üzrə elmləri doktoru Adil Qeybulla deyib.

O bildirib ki, arı sancmalarına daha çox yay fəslində rast gəlinir. Əslində, arı səbəbsiz yerə insanı sancmır. İnsan arının üzərinə gəldikdə, onu əli ilə vurmağa və ya qovmağa çalışdıqda, arı özünü müdafiə etmək üçün sancmağa başlayır:
"Xüsusilə allergiyası olan insanlarda arı sancmasından sonra güclü anafilaktik reaksiya yarana bilər. Anafilaksi həyati təhlükəli vəziyyətdir və vaxtında tibbi yardım göstərilmədikdə ölümlə nəticələnə bilər. Bu zaman arterial təzyiqin kəskin düşməsi, soyuq tər, başgicəllənmə, halsızlıq və nəfəsalma çətinliyi kimi əlamətlər müşahidə oluna bilər.
Allergiyası olan şəxslər xüsusilə yay aylarında diqqətli olmalıdırlar. Əvvəllər arı sancmasına və ya digər allergenlərə qarşı güclü reaksiya keçirmiş şəxslər həkimlə məsləhətləşərək belə hallarda hansı təcili tədbirləri görməli olduqlarını əvvəlcədən bilməlidirlər.
Arı sancmasından sonra güclü allergik reaksiya əlamətləri yaranarsa, vaxt itirmədən təcili tibbi yardım çağırılmalı və şəxs mümkün qədər tez tibb müəssisəsinə çatdırılmalıdır. Belə hallarda tibb personalı tərəfindən təcili və uyğun müalicə tədbirləri həyata keçirilir.
Təəssüf ki, anafilaktik reaksiya çox sürətlə inkişaf edə bilər. Buna görə də xüsusilə allergiyası olan insanlar diqqətli olmalı və arı sancmasına qarşı ehtiyat tədbirlərinə əməl etməlidirlər".