ABŞ administrasiyası İrana qarşı tətbiq etdiyi dəniz blokadasını qeyri-müəyyən müddət ərzində davam etdirə biləcəyini açıqlayıb. Vaşinqton bununla yanaşı, Tehrana iqtisadi təzyiqləri daha da gücləndirmək niyyətində olduğunu bəyan edib. Bu qərar atəşkəs danışıqlarının nəticəsiz qalması, qlobal neft tədarükündə azalma və Yaxın Şərqdə gərginliyin artması fonunda verilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri bölgədəki gəmiləri növbəli şəkildə əvəzləməklə blokadanı istənilən qədər davam etdirə bilər. Maliyyə naziri Skott Bessent isə yaxın vaxtlarda İrana qarşı indiyədək görünməmiş yeni maliyyə sanksiyalarının tətbiq olunacağını açıqlayıb.
Məlumata görə, blokada İran iqtisadiyyatına və xüsusilə enerji ixracına ciddi zərbə vurur. Buna cavab olaraq Tehran Hörmüz boğazında nəzarəti gücləndirməyə çalışır. Son hadisələr nəticəsində bölgədə gəmiçilik fəaliyyəti əhəmiyyətli dərəcədə azalıb. Halbuki, bu strateji boğaz vasitəsilə dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən 20 faizi və mayeləşdirilmiş təbii qazın (LNG) böyük hissəsi nəql olunurdu.
Beynəlxalq Enerji Agentliyi (IEA) mövcud vəziyyət səbəbindən qlobal neft tədarükünün gündəlik 4,3 milyon barel azalacağını proqnozlaşdırır. Bu isə enerji bazarlarında qeyri-müəyyənliyi artırmaqla yanaşı, neft qiymətləri və dünya iqtisadiyyatı üçün əlavə risklər yaradır.
ABŞ Prezidenti Donald Tramp administrasiyası iqtisadi təzyiqləri artırmaqla yanaşı, İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlı olduğunu vurğulayır. Bununla belə, Vaşinqton hazırkı mərhələdə genişmiqyaslı quru hərbi əməliyyatlarından yayınmağa üstünlük verir.