"Küsəyənlik bir xarakter əlaməti deyil və genetik əsası yoxdur. Küsmək uşaqların öz hisslərini ifadəetmə şəkli kimi də göstərilə bilər. Uşaqlar bəzən diqqət çəkmək istədikdə də küsürlər". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. O qeyd edib ki, küsəyən uşaqlar daha çox özgüvəni aşağı olan uşaqlardır. Kiçik yaşlı uşaqlarda belə hallar baş verdikdə, ana-atasından küsdükdə valideynlərindən daha çox diqqət görürlər. Belə olduqda bu davranış uşaqda daha da möhkəmlənir. Uşaq irəli yaşlarda problemi həll etmək, onunla mübarizə aparmaq əvəzinə küsür, "tısbağa kimi qınına çəkilir" və qarşı tərəfdən addım atmağı gözləyir. Bu şəkildə həmişə bir dəstək almağa çalışır: "Belə uşaqlar irəlidə bağçaya adaptasiya olmaqda da problem yaşayırlar. Məsələn: oyuncağını hansısa yoldaşı aldıqda küsür, ağlayır. Nənə-baba yanında böyüyən, əzizlənən, ailədə tək övlad olan, illər sonra dünyaya gələn və s. kimi uşaqlarda küsəyənlik çox müşahidə olunur. Belə olan halda, tez-tez küsürlərsə yaxşı olar ki, valideynlər həmin an onlara çox diqqət verməsinlər. Bir neçə dəqiqə keçdikdən, uşaq sakitləşdikdən sonra yaxınlaşıb niyə elə etdiyinin səbəbini soruşmaq və məsələnin həlli üçün onu təşviq lazımdır. Belə olan halda uşaq çətinə düşəndə küsüb oturmaqdansa, hisslərini ifadə etməyi öyrənəcəkdir", - deyə psixoloq Yeganə Əsgərova söhbətə yekun vurub.
Afət Tahirqızı