"Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış üçtərəfli anlaşma – “Məkkə sazişi” – qlobal məkanda kifayət qədər ciddi təsir imkanları qazana bilər. Bu hərbi ittifaqa verilən reaksiyalar da belə bir ehtimalın mövcud olduğunu göstərir".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
_(1).jpg)
Onun sözlərinə görə, indiki mərhələdə böyük ehtimalla bu üç dövlət ittifaqa yeni üzvlərin qəbul edilməsinə o qədər də həvəs göstərməyəcək. Çünki həm qlobal məkanda, həm də Yaxın Şərqdə vəziyyət hələ də qeyri-müəyyən və gərgin olaraq qalır:
"Bu səbəbdən vəziyyətin daha da aydınlaşmasına və nisbətən sabit şəraitin yaranmasına qədər gözləməyə üstünlük verilə bilər.
Hazırkı mərhələdə İranın bu üç dövlət tərəfindən yaradılmış hərbi ittifaqa qoşulması ehtimalı o qədər də inandırıcı görünmür. Rəsmi Tehran hətta bu ittifaqı İrana qarşı yaradılmış birlik kimi təqdim etməyə çalışır. İranın Pakistan, Səudiyyə Ərəbistanı və Misirin bu hərbi ittifaqa qoşula biləcəyi ilə bağlı açıqlamalar verməsi də, ola bilsin ki, sadəcə siyasi-diplomatik manevr xarakteri daşıyır.
Çünki hər kəsə bəllidir ki, İranın ittifaqın potensial üzvləri ilə münasibətləri kifayət qədər mürəkkəbdir. Məsələn, Səudiyyə Ərəbistanı ilə İran arasında ciddi ziddiyyətlər mövcuddur. Eyni zamanda, Türkiyənin Yaxın Şərqdəki münaqişə ilə bağlı sülh yönümlü mövqeyinə baxmayaraq, İranın Türkiyəyə qarşı müəyyən neqativ münasibəti də müşahidə olunur. Bu baxımdan İran-Türkiyə münasibətlərində də müəyyən problemlər qalmaqdadır.
İran-Pakistan münasibətlərini də tam mənada yaxın qonşuluq və dostluq münasibətləri kimi qiymətləndirmək çətindir. Vaxtilə İran və Pakistan sərhədində müəyyən qarşıdurma halları yaşanıb və iki ölkə arasında bir sıra problemlər mövcuddur.
Ümumiyyətlə, İranın demək olar ki, bütün qonşuları ilə müəyyən problemlərinin olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, İran üçün “Məkkə sazişi” əsasında formalaşan hərbi ittifaqın qapılarının yaxın gələcəkdə açılması real görünmür.
Misirin isə bu ittifaqa qoşulmaq ehtimalı İrana nisbətən daha yüksəkdir. Çünki Misir vaxtilə bu istiqamətdə aparılan danışıqlarda iştirak edən tərəflərdən biri olub. Sonradan Misirin üzvlüyü təxirə salınıb və ola bilsin ki, yaxın gələcəkdə bu məsələyə yenidən baxılsın.
Bu baxımdan, “İslam NATO-su” adlandırılan hərbi ittifaqda İranın təmsil olunması hələlik real görünmür. İranın bu qurumda iştirak etməməsi isə ittifaqın qlobal məkandakı təsir imkanlarını mütləq şəkildə zəiflətmir. Əksinə, üzv dövlətlərin daha çevik və koordinasiyalı fəaliyyət göstərməsi üçün əlavə imkanlar yarada bilər.
Böyük ehtimalla, bu üçlü ittifaq yaxın gələcəkdə həm Yaxın Şərqdə, həm də qlobal məkanda öz təsir gücünü artırmağa davam edəcək. Ümumilikdə, Misirin bu ittifaqa qoşulmaq perspektivi nə qədər pozitiv görünürsə, İranın həmin qurumda təmsil olunması ehtimalı bir o qədər aşağı qiymətləndirilə bilər".