“Azərbaycanın sülh siyasəti uzunmüddətli strategiyanın tərkib hissəsidir" - ŞƏRH

13 Avqust 2026 14:59 (UTC+04:00)

“Ermənistan münasibətlərinin normallaşdırılması və sülh prosesinin hazırkı mərhələsi regionda son illər formalaşmış yeni siyasi reallıqların məntiqi nəticəsidir. Sülh sazişinin ABŞ-da paraflanması uzun müddət davam edən danışıqların mühüm nəticəsi olmaqla yanaşı, Azərbaycanın ardıcıl və məqsədyönlü siyasətinin diplomatik müstəvidə növbəti uğurudur. Azərbaycanın mövqeyi ondan ibarət olub ki, davamlı sülh yalnız tərəflərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşılıqlı hörmət etməsi əsasında mümkündür". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Onun sözlərinə görə, bu yanaşma Azərbaycan tərəfindən irəli sürülən və sonrakı danışıqlar prosesinin əsasını təşkil edən beş prinsipdə öz əksini tapıb:

“Həmin prinsiplər dövlətlərin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin qarşılıqlı tanınmasını və hörmət edilməsini, bir-birinə qarşı ərazi iddialarının olmamasını, gələcəkdə belə iddiaların irəli sürülməsindən imtinanı, dövlətlərarası münasibətlərdə güc tətbiqindən və güc tətbiqi ilə hədələmədən çəkinməyi, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyasını, həmçinin kommunikasiyaların açılmasını nəzərdə tutur. Bu prinsiplərin irəli sürülməsi Azərbaycanın sülh prosesinə konkret siyasi gündəliklə daxil olduğunu göstərdi. Başqa sözlə, Azərbaycan müharibədən sonra yaranmış yeni reallığın yalnız hərbi nəticələrlə məhdudlaşmasını deyil, həmin reallığın siyasi və hüquqi müstəvidə təsbit edilməsini qarşıya məqsəd qoydu”.

Millət vəkilinin sözlərinə görə, 2020-ci il Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, 2023-cü ildə isə ölkənin bütün ərazisində suverenliyin tam təmin edilməsi Cənubi Qafqazda uzun illər mövcud olmuş status-kvonu dəyişdirdi. Bununla da regionda yeni siyasi mərhələnin əsası qoyuldu. Azərbaycan bu mərhələdə qarşıdurmanın davam etdirilməsini deyil, sülh və əməkdaşlıq gündəliyinin formalaşdırılmasını prioritet istiqamət kimi müəyyənləşdirdi. Ermənistanın mövqeyində baş verən dəyişiklik də regionda yaranmış yeni reallıqlar fonunda nəzərdən keçirilməlidir. Uzun illər ərzində Ermənistan işğal olunmuş ərazilər üzərində mövcud vəziyyəti qoruyub saxlamağa çalışıb. 2020-ci il müharibəsi zamanı Azərbaycanın yaşayış məntəqələrinin raket atəşinə tutulması, müharibədən sonrakı dövrdə isə revanşist yanaşmaların və çağırışların mövcudluğu Ermənistanın əvvəlki siyasətdən birdən-birə imtina etmədiyini göstərirdi. Lakin Azərbaycanın 2020-ci ildə əldə etdiyi hərbi qələbə və 2023-cü ildə suverenliyini tam bərpa etməsi Ermənistan qarşısında da yeni siyasi reallıq formalaşdırdı. Əvvəlki status-kvonun bərpasının mümkün olmadığı aydınlaşdı və münasibətlərin yeni əsaslar üzərində qurulması zərurəti yarandı. Ermənistanın sülh prosesinə qoşulması da məhz bu reallıqdan irəli gəlir. Yəni, Ermənistan heç də özünü təqdim etdiyi kimi sülh tərəfdarı olmayıb, məhz Prezident İlham Əliyevin ardıcıl siyasəti, Azərbaycanın gücü Ermənistanı sülhə məcbur edib. Buna görə də Azərbaycan həm qalib ölkədir, həm də sülhün müəllifidir. Bu baxımdan Azərbaycanın sülh prosesində yalnız danışıqlar aparan tərəf deyil. Azərbaycan həm də sülh gündəliyinin əsas prinsiplərini müəyyənləşdirən tərəfdir. Beş prinsip əsasında formalaşan siyasi çərçivə sonrakı danışıqların istiqamətini müəyyən edən əsas amillərdən birinə çevrilib.

Pərvin Kərimzadə qeyd edib ki, ötən ilin avqustunda ABŞ-da sülh sazişinin paraflanması isə prosesin beynəlxalq müstəvidə mühüm mərhələyə çatdığını nümayiş etdirdi. ABŞ-ın vasitəçiliyi danışıqların intensivləşməsinə və tərəflər arasında razılaşmanın əldə olunmasına mühüm töhfə verib. Bununla belə, sülh prosesinin əsas siyasi məzmunu tərəflərin öz iradəsi və regionda yaranmış reallıqlarla müəyyən olunur.

Azərbaycan üçün sülh yalnız müharibənin başa çatması demək deyil. Dayanıqlı sülh dövlətlər arasında qarşılıqlı etimadın formalaşdırılmasını, sərhədlərin müəyyənləşdirilməsini, kommunikasiyaların açılmasını, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsini nəzərdə tutur. Bu baxımdan sülh sazişi regionda yeni əməkdaşlıq imkanlarının yaradılması üçün hüquqi və siyasi baza rolunu oynayacaq.

"Kommunikasiyaların açılması da xüsusi əhəmiyyət kəsb edir. Regional nəqliyyat əlaqələrinin bərpası və yeni bağlantıları region ölkələri üçün iqtisadi imkanları genişləndirə bilər" - deyən deputat əlavə edib ki, Azərbaycanın sülh təşəbbüsü bu baxımdan yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasına yönəlmiş siyasət deyil. Bu təşəbbüs Cənubi Qafqazda uzunmüddətli sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasına hesablanıb. Regionun nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsi yeni regional əməkdaşlıq modelinin formalaşmasına şərait yarada bilər.
Bütün bunlar göstərir ki, Azərbaycanın 2020-ci ildə əldə etdiyi hərbi qələbə sonrakı mərhələdə diplomatik və siyasi nəticələrlə tamamlanır.
Onun sözlərinə görə, hazırda əsas vəzifə əldə olunmuş razılaşmaların davamlı sülhə çevrilməsini təmin etməkdir. Bunun üçün tərəflərin götürdükləri öhdəliklərə sadiq qalması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh gündəliyinin praktiki müstəvidə həyata keçirilməsi vacibdir.

Beləliklə, Azərbaycanın yaratdığı yeni regional reallıq siyasi və hüquqi müstəvidə möhkəmlənir. Azərbaycanın əsas məqsədi hərbi qələbənin nəticələrini qorumaqla yanaşı, həmin nəticələri davamlı sülhə, regional təhlükəsizliyə və əməkdaşlığa çevirməkdir. Bu baxımdan Azərbaycanın sülh siyasəti ölkənin milli maraqları, suverenliyi və ərazi bütövlüyü ilə uzlaşan uzunmüddətli strategiyanın tərkib hissəsidir".