"Müasir təhsil sistemində koqnitiv paradiqmanın əzbərçilikdən analitik, tənqidi və yaradıcı düşüncəyə transformasiyası fərdin qlobal əmək bazarına adaptasiyası üçün fundamental zərurətdir". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

Onun sözlərinə görə, bu keçidi təmin etmək üçün, ilk növbədə, kurikulumlar ensiklopedik faktların birtərəfli ötürülməsindən təmizlənməli, diqqət mexaniki məlumatlara deyil, fundamental konseptlərə və fənlərarası inteqrasiyaya yönəlməlidir: "Real həyat problemləri tək bir fənnin çərçivəsinə sığmadığı üçün fənlərarası – inter-, trans- və multidissiplinar yanaşmalar genişləndirilməli, humanitar və dəqiq elmlər sintez olunaraq şagird və tələbələrdə hadisələrə çoxşaxəli baxış bucağı formalaşdırmalıdır. Həmmüəllifi olduğum və ölkəmizdə bu istiqamətdə ilk tədqiqat işi sayılan "Fənn münasibətləri: yeni biliklər istehsalı" adlı monoqrafiyamızda da bu məsələlərə elmi-akademik yanaşma öz əksini tapmışdır.
Təəssüf ki, Azərbaycanın təhsil mühitində hələ də yeni yanaşmalara yetərli açıqlıq hiss olunmur və pedaqoji-metodoloji hazırlığı dərk etməyən təhsil məmurları tərəfindən bu istiqamətdə sistemli səylər göstərilmir. Eyni zamanda, standartlaşdırılmış testlərə əsaslanan summativ qiymətləndirmə modeli tələbənin inkişaf dinamikasını izləyən formativ metodlarla, portfoliolarla və təhlillərlə əvəzlənməlidir. İmtahan sualları Blum taksonomiyasının xatırlama mərhələsindən analiz, qiymətləndirmə və yaratmaq mərhələlərinə keçməli, şagird və tələbədən faktı deyil, onun yeni kontekstdə tətbiqini tələb etməlidir.
Bu prosesdə müəllim sinifdə yeganə informasiya monarxı rolundan çıxaraq tələbənin araşdırma və tədqiqat prosesini idarə edən fasilitatora çevrilməlidir. Dərslər mühazirə formatından dialoq, diskussiya, Sokrat sorğu-sualı və real problemlərin həlli formatına keçirilməli, tələbəyə hazır cavabı tapmaq deyil, doğru sualı vermək vərdişi qazandırılmalıdır. Generativ süni intellekt alətlərinin mövcud olduğu müasir dövrdə mexaniki məlumat yazmaq aktuallığını tamamilə itirdiyi üçün təhsil sistemi tələbələrə bu alətlərdən istifadə edərək alınan nəticələri təhlil etməyi və onları tənqidi süzgəcdən keçirməyi öyrətməlidir.
Nəticə etibarilə, əzbərçilikdən analitik düşüncəyə keçid sadəcə məzmunun və dərsliklərin dəyişməsi deyil, bütöv bir təhsil fəlsəfəsinin, müəllim hazırlığı proqramlarının və akademik mədəniyyətin sistemli transformasiyasını tələb edir".