"Məktəbdə verilən bilik və bacarıqların real həyatda nə dərəcədə işə yaradığına yalnız peşə bacarıqları prizmasından yanaşmaq doğru olmaz". Bu sözləri SİA-ya açıqlamasında təhsil mütəxəssisi Çingiz Səfərli deyib.

Onun sözlərinə görə, məktəb, ilk növbədə, uşağın hərtərəfli inkişafında mühüm rol oynayan sosial institutdur: "Burada şagird yalnız akademik bilik qazanmır, eyni zamanda onun sosiallaşması, dünyagörüşünün formalaşması və müxtəlif yumşaq bacarıqlarının inkişafı baş verir.
Məktəbin əsas funksiyalarından biri uşağa fundamental akademik bilik vermək, onu cəhalətdən uzaqlaşdırmaq, ətraf aləmi və baş verən prosesləri anlamaq üçün zəruri baza formalaşdırmaqdır. Bununla yanaşı, məktəb mühiti uşaqlarda ünsiyyət, komanda ilə işləmək, fikrini ifadə etmək, məsuliyyət daşımaq, problem həll etmək və qərar vermək kimi gündəlik həyatda vacib olan bacarıqların inkişafına da şərait yaradır.
Əgər məsələyə sırf peşə bacarıqları baxımından yanaşsaq, mövcud təhsil sistemi bunun üçün də müəyyən imkanlar təqdim edir. Şagirdlər ümumi orta təhsil səviyyəsini başa vurduqdan sonra peşə təhsili müəssisələrinə üz tutaraq konkret peşələr üzrə praktiki bilik və bacarıqlar əldə edə bilərlər. Bu, onların daha erkən mərhələdə əmək bazarına hazırlanmasına imkan verir.
Bundan başqa, artıq bir neçə ildir məktəblərdə “Peşə təmayüllü siniflər” layihəsi icra olunur. Bu model çərçivəsində yuxarı sinif şagirdlərinə müxtəlif peşə istiqamətləri üzrə bilik və praktiki bacarıqlar öyrədilir. Məqsəd ondan ibarətdir ki, şagird tam orta təhsil pilləsini başa vurduqda yalnız attestat əldə etməsin, eyni zamanda müəyyən peşə bacarıqlarına yiyələnərək əmək bazarına daha hazırlıqlı şəkildə daxil ola bilsin.
Bundan başqa, ümumtəhsil məktəblərində “Rəqəmsal bacarıqlar” layihəsi də icra olunur ki, bu da şagirdlərə ilkin rəqəmsal bacarıqları əldə etmələrinə imkan yaradır.
Bu baxımdan məktəbin verdiyi nəticəni yalnız “şagird burada hansı peşəni öyrəndi?” sualı ilə qiymətləndirmək düzgün deyil. Məktəb həm akademik baza yaradır, həm uşağın şəxsiyyət və dünyagörüşünü formalaşdırır, həm sosial və yumşaq bacarıqlarını inkişaf etdirir, həm də sonrakı peşə və təhsil istiqamətini müəyyənləşdirməsi üçün ona zəmin hazırlayır".