“Prezidentin Naxçıvana səfəri bölgənin inkişafında yeni mərhələ açdı” - ŞƏRH

13 Avqust 2026 13:37 (UTC+04:00)

“Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına 17-ci səfərini reallaşdırdı. Səfər çərçivəsində bir sıra mühüm tədbirlərdə iştirak edən dövlət başçısı, muxtar respublikanın müdafiə qabiliyyətindən tutmuş sənaye, enerji, nəqliyyat, tarixi-mədəni irs və sosial infrastruktura qədər geniş spektrli məsələləri diqqətə ayırdı. Prezident Naxçıvanan səfərlərinin özünəməxsus əhəmiyyəti və nəticələri olub, bu dəfəki səfər də görülən işlərin təbii davamı kimi qiymətləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Naxçıvanın coğrafi təcridi, Azərbaycanın əsas ərazisi ilə birbaşa sərhədinin olmaması, bölgənin təhlükəsizliyinə xüsusi diqqəti zəruri edib:

“Bu istiqamətdə mühüm addımlar atılıb. Naxçıvanda Prezidentin sərəncamı ilə yaradılmış Əlahiddə Ordu Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz hissəsi olaraq fəaliyyət göstərir və bölgədə hərbi potensial ardıcıl şəkildə gücləndirilir.

Səfərin mərkəzi hadisələrindən biri Naxçıvan Sənaye Parkının təməlinin qoyulması oldu. Bu, ərazi baxımından Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci belə layihədir. Parkın tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası nəzərdə tutulur ki, bu da Naxçıvanın hazırkı 200 meqavatlıq generasiya gücünü 1,5 dəfəyə qədər artıracaq. Stansiyanın iki əsas məqsədi var. Muxtar respublikanı dayanıqlı enerji ilə təmin etmək və ixrac imkanlarını genişləndirmək. Naxçıvanda qazlaşma artıq təqribən 15 ildir ki, 100 faiz təşkil edir (müqayisə üçün, ölkə üzrə orta göstərici 96 faizdir). Paralel olaraq bölgədə su və Günəş elektrik stansiyaları da inşa edilib. Təkcə iki yeni Günəş stansiyasının gücü 50 meqavat təşkil edir. Aparılan təhlillər göstərir ki, Azərbaycan ərazisində Günəş enerjisi istehsalı üçün ən əlverişli məkan məhz Naxçıvandır. Bu məqsədlə artıq 600 hektardan çox ərazi ayrılıb və gələcəkdə buradan yüzlərlə meqavat güc əldə olunacaq. Ekspertlərin qiymətləndirməsinə görə, Naxçıvanda Günəş enerjisi istehsalı potensialı 500-1000 meqavata çata bilər, əsas məsələ isə bunun ixracı üçün Türkiyə, İran və perspektivdə Avropa istiqamətində ötürücü infrastrukturun genişləndirilməsidir.

Dövlət başçısı Zəngəzur dəhlizinin yaradılması ideyasının Azərbaycanın öz təşəbbüsü olduğunu vurğulayıb. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən dəhliz məsələsi əks olunsa da, sonrakı beş il ərzində Ermənistan tərəfindən bu istiqamətdə praktiki addımlar atılmayıb. Vəziyyət ABŞ-ın vasitəçiliyi ilə dəyişib. 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən tarixi zirvə görüşündə TRIPP adlanan layihənin icrasına start verilib.

Bu gün Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, başa çatdırılıb. Naxçıvan istiqamətində dəmir yolu tikintisi də sürətlə davam edir. Ordubad və Sədərək ərazilərindəki iki qısa çatışmayan hissə tikiləcək, yeni texniki-iqtisadi əsaslandırmaya görə yolun ümumi uzunluğu 194 kilometr olacaq (əvvəlki layihədən fərqli olaraq daha uzun marşrutla, çünki hədəf ildə 15 milyon ton yükaşırma qabiliyyətidir). Bir sıra ölkələr, o cümlədən Avropa İttifaqı nümayəndələri, bu layihəyə maraq göstərir. Naxçıvan seqmentinin reabilitasiyası üçün nəzarət paketi Azərbaycan dövlətində qalmaq şərtilə beynəlxalq konsorsiumun yaradılması istisna edilmir.
Prezident həmçinin bildirib ki, layihə təkcə nəqliyyat infrastrukturu ilə məhdudlaşmır. Gələcəkdə buradan fiber-optik kabel, elektrik xətləri və zərurət yaranarsa, neft-qaz kəmərləri də keçə bilər. Xüsusilə vurğulanıb ki, Ermənistan ərazisindən keçəcək enerji dəhlizi təkcə Azərbaycan-Naxçıvan-Türkiyə-Avropa əlaqəsini gücləndirməklə qalmayacaq, eyni zamanda Ermənistanın köhnəlmiş atom elektrik stansiyasından asılılığı şəraitində onun özünün enerji təhlükəsizliyinə də töhfə verə bilər.

Naxçıvanın qədim Atabəylər dövlətinin paytaxtı olması onun zəngin memarlıq irsini formalaşdırıb. Səfər zamanı Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər dövlət başçısına təqdim olunub, memar Əcəmi Naxçıvaniyə həsr olunmuş abidə ilə tanışlıq baş tutub. Digər tarixi-mədəni obyektlərin konservasiyası və bərpası da davam etdiriləcək.

Naxçıvan şəhərində DOST Mərkəzinin açılışı və yeni elektrik avtobuslarının istifadəyə verilməsi diqqətə çatdırılıb. Köhnə dizel avtobuslar tam sıradan çıxarılıb. Rayonlararası nəqliyyatdakı problemlərin həlli üçün 217 müasir avtobusun alınması tapşırılıb. Yol infrastrukturu üzrə isə 26 yaşayış məntəqəsini əhatə edən, təxminən 160 min sakini olan ərazilərdə 420 kilometrlik yolun çəkilişi və əsaslı təmiri planlaşdırılır. Kənd təsərrüfatının inkişafına dair dövlət proqramı çərçivəsində suvarma layihələri, o cümlədən artezian quyularının qazılması nəzərdə tutulur.

Naxçıvanın zəngin tarixi və təbii gözəllikləri turizm potensialını yüksək edir, lakin mehmanxana infrastrukturunun məhdudluğu bunun tam reallaşmasına mane olur. Bu baxımdan şəhər mərkəzində beşulduzlu yeni mehmanxananın təməli qoyulub, 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Cənab Prezident bildirib ki, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur tarixən vahid coğrafi məkan olub və bu bölgələr indi vahid inkişaf konsepsiyası əsasında idarə olunmalıdır. Bu məqsədlə Naxçıvanda da Qarabağ və Şərqi Zəngəzurdakına bənzər idarəetmə modeli, Prezidentin xüsusi nümayəndəliyi tətbiq edilib, muxtar respublika statusu saxlanılmaqla idarəetmə mexanizmləri təkmilləşdirilir”.