İlanla qarşılaşdıqda hansı səhvlərdən qaçmaq lazımdır? - ZOOLOQ AÇIQLADI

13 Avqust 2026 12:56 (UTC+04:00)

"İlanlar hər il, əvvəlki illərdə olduğu kimi, qış yuxusundan oyanırlar. Havalar istiləşdikdə qısa müddət ərzində qidalanmalı və çoxalmalıdırlar. Daha sonra havalar soyumağa yaxın yenidən qış yuxusuna gedirlər".

Bu sözləri SİA-ya açıqlamasında heyvanlar üzrə mütəxəssis Samir Məmmədov deyib.

Onun sözlərinə görə, biz artıq təbiətlə və heyvanlarla birlikdə yaşamağa alışmalıyıq:

"Təbiət yalnız insanlara məxsus deyil. Heyvanların da burada yaşamaq hüququ var və onlar ekosistemin balansının qorunmasında mühüm rol oynayırlar. İlanlar xırda gəmiriciləri və xəstə heyvanları ovlayaraq qidalanır və bununla da təbiətdə müəyyən tarazlığın qorunmasına xidmət edirlər.

İlanla qarşılaşarkən, istər zəhərli, istərsə də zəhərsiz olsun, panikaya düşmək lazım deyil. İlan, adətən, insana hücum etmək istəmir. Əksinə, onlar insanlardan qorxur və mümkün qədər uzaqlaşmağa çalışırlar.

Əgər ilanla qarşılaşsanız, sakit qalmaq lazımdır. Ona yaxınlaşmaq, toxunmaq, vurmaq və ya təhlükəli hərəkətlər etmək olmaz. Bir qədər məsafə saxladıqda ilan özü ərazidən uzaqlaşacaq. Bundan sonra həmin yeri tərk etmək mümkündür.

Əgər ilan insanı dişləyərsə, ilanın zəhərli və ya zəhərsiz olmasından asılı olmayaraq, dərhal tibbi yardıma müraciət etmək lazımdır. Xüsusilə zəhərli ilan sancması ehtimalı varsa, vaxt itirmədən tibb müəssisəsinə müraciət edilməlidir.

İlanlar, ümumiyyətlə, çox nadir hallarda insana hücum edirlər. Bu, əsasən, özlərini təhlükədə hiss etdikdə və müdafiə olunmağa çalışdıqda baş verir. Onlar bilərəkdən insanın arxasınca düşmür və onu dişləmək üçün təqib etmirlər.

Bu, təbiətdə hər il baş verən normal prosesdir. İlanların sayı təbii şəkildə tənzimlənir və ekosistem öz balansını qoruyur. Ona görə də ilanların aktivləşməsi ilə bağlı panikaya düşməyə heç bir əsas yoxdur.

İlan gördükdə onu öldürmək olmaz. Ümumiyyətlə, heç bir heyvana səbəbsiz yerə zərər yetirmək düzgün deyil. Biz təbiətlə, heyvanlarla birlikdə yaşamağı bacarmalıyıq. Bu, ekosistemin qorunması baxımından da vacibdir".