"Su anbarlarının lillənməsi ciddi su təsərrüfatı probleminə çevrilir" - EKOLOQ DANIŞDI

13 Avqust 2026 12:31 (UTC+04:00)

"Su anbarlarının lillənməsi istər Azərbaycanda, istərsə də digər ölkələrdə qaçılmaz prosesdir. Harada su anbarı varsa, zaman keçdikcə orada çöküntülərin toplanması baş verir. Bunun qarşısını tamamilə almaq mümkün olmasa da, müxtəlif üsullarla prosesi müəyyən qədər azaltmaq mümkündür".

Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Bəxtiyar deyib.

Onun sözlərinə görə, su anbarlarının lillənməsi ölkəmizdə də ən ciddi su təsərrüfatı problemlərindən biridir. Xüsusilə dağlıq ərazilərdən qidalanan çaylar çoxlu miqdarda lil, qum və daş gətirdiyindən, su anbarlarının faydalı həcmi ildən-ilə azalır:

"Lillənmənin əsas səbəblərindən biri başlanğıcını dağlardan götürən çayların böyük miqdarda çöküntü daşımasıdır. Bununla yanaşı, dağ yamaclarında meşələrin qırılması və bitki örtüyünün zəifləməsi, torpaq eroziyası, güclü yağışlar, sel hadisələri və çay hövzələrində düzgün torpaq idarəçiliyinin olmaması da bu prosesin sürətlənməsinə səbəb olur.

Lillənmənin bir sıra ciddi fəsadları var. İlk növbədə, su anbarlarının faydalı tutumu azalır və quraq illərdə istifadə üçün saxlanılan su ehtiyatı aşağı düşür. Nəticədə içməli və suvarma suyu təminatında çətinliklər yaranır. Bu, kənd təsərrüfatına da birbaşa təsir edir. Suvarma mövsümündə fermerlərə daha az su çatdırılır, su qıtlığı yaranır və nəticədə təsərrüfatlarda məhsuldarlıq aşağı düşə bilər. Bəzi hallarda əlavə suvarma məhdudiyyətlərinin tətbiqinə də ehtiyac yaranır.

Bu proses enerji istehsalına da təsir göstərir. Su elektrik stansiyalarında turbinlərə daxil olan suyun həcmi və təzyiqi azalır. Su ilə birlikdə daxil olan lil və qum hissəcikləri turbinlərin daha tez aşınmasına səbəb olur. Nəticədə elektrik enerjisi istehsalı azalır, texniki xidmət və təmir xərcləri isə artır.

Lillənmənin ekoloji fəsadları da var. Çayların təbii axını dəyişir, balıqların yaşayış mühiti pisləşir, suda oksigenin miqdarı azalır, suyun keyfiyyəti zəifləyir. Eyni zamanda, bataqlaşma və yosunlaşma riski də artır.

Azərbaycanda bu problem xüsusilə Kür hövzəsində yerləşən iri su anbarları, o cümlədən Mingəçevir və Şəmkir su anbarları üçün əhəmiyyət daşıyır. Bu su anbarlarında illər ərzində toplanan çöküntülər onların faydalı həcminin azalmasına səbəb olur.

Problemin qarşısının alınması və təsirlərinin azaldılması üçün bir sıra tədbirlər həyata keçirilə bilər. Çay hövzələrində meşələrin bərpası, eroziyaya qarşı aqrotexniki tədbirlərin görülməsi, dağ yamaclarının yaşıllaşdırılması, su anbarlarında çöküntülərin müntəzəm monitorinqinin aparılması, mümkün olduğu hallarda dib çöküntülərinin mexaniki üsullarla təmizlənməsi və xüsusi yuyulma texnologiyalarından istifadə müəyyən nəticələr verə bilər.

İqlim dəyişmələrinin yaratdığı quraqlıq şəraitində su ehtiyatlarının qorunması daha da böyük əhəmiyyət kəsb edir. Buna görə də su anbarlarının lillənməsinin qarşısının alınması və mövcud su ehtiyatlarının səmərəli idarə olunması Azərbaycanın su təhlükəsizliyi, kənd təsərrüfatı və hidroenergetika sahələri üçün mühüm məsələlərdən biridir".