“Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da əmlak bazarı tələb və təklif üzərində qurulub. Yəni bazarın işləmə tendensiyası bu cürdür ki, tələb çox olduqda hər hansı bir əmlakın, istər satış, istərsə də kirayə qiymətləri yuxarı qalxır. Təklif çox, tələb az olduqda isə satıcılar arasında rəqabət yaranır və qiymətlər aşağı düşür. Yəni istər satış, istərsə də kirayə olsun, əmlak bazarının işləmə prinsipi məhz bu cürdür”. Bu sözləri SİA-ya açıqlamasında əmlak eksperti Anar Nəsirov deyib.
Onun sözlərinə görə, 2019-cu ildən başlayaraq, 2040-cı ilin baş planına əsasən söküntülər başlayıb:
“Bu söküntülər zamanı şəhərin mərkəzi hissələrində və mərkəzə yaxın ərazilərdə istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan binalar və həyətlər pilot layihələr çərçivəsində sökülərək, onların yerində müasir tələblərə cavab verən çoxmərtəbəli yaşayış binaları və yaşayış kompleksləri tikilir.
Elə həmin ildən başlayaraq kirayəyə tələbat hər il daha da artıb. Bunun əsas səbəbi budur ki, həmin pilot layihələr çərçivəsində aparılan söküntülər zamanı həmin binalarda və həyətlərdə yaşayan vətəndaşlar, yəni sakinlər, şirkət tərəfindən kirayə mənzillərlə təmin edilir. Yerində bina tikilib başa çatdıqdan sonra isə həmin kirayə mənzillərə köçürülmüş vətəndaşlar yenidən öz evlərinə qaytarılır.
Buradan da göründüyü kimi, əgər nəzərə alsaq ki, bir binanın tikintisi ən azı 2-3 il çəkir, onda bunu deməyə əsas var ki, həmin söküntü zamanı kirayəyə çıxarılmış sakin ən azı 2-3 il kirayədə qaldığı evi tərk etməyəcək. Yəni yeni ev tikilib ona təhvil verilənə qədər həmin mənzildə yaşamaq məcburiyyətində qalacaq.
Bu da o deməkdir ki, 2,5-3 il ərzində həmin ev kirayə mənzil bazarına qayıtmır. Əgər nəzərə alsaq ki, 2019-cu ildən başlayan bu söküntülər zamanı həmin vətəndaşlar kirayə mənzillərlə təmin edilir, hər il keçdikcə sökülən binalarda yaşayan vətəndaşların sayı artdıqca, kirayə mənzillərə olan tələbat da artır.
Bunu da buradan görmək olar ki, kirayə mənzillərə tələbat hər il daha da artır. Həmin vaxtdan başlayaraq, hər il keçdikcə tələbat artır və kirayə götürülən evlər yenidən çox çətin hallarda kirayə mənzil bazarına qayıdır. Yəni 2019-cu ildən başlayaraq hər il kirayə mənzillərə tələbat artır.
Bu artımın qarşısında tələb təklifi üstələdiyi üçün kirayə mənzil bazarında hər il müvafiq faiz dərəcələrində qiymət artımı müşahidə edilir. Həmin ildən başlayaraq 2026-cı ilə qədər bu tendensiya hələ də davam edir. Hələ də kirayə mənzilə tələbat yüksəkdir.
Qiymətlər hər il, bir daha qeyd etdiyim kimi, müvafiq faiz dərəcələrində yuxarı qalxır. Tələb çox olduqda istər-istəməz ev sahibləri də bundan istifadə edirlər. Düzdür, bunu fürsətə çevirənlər də var, çevirməyənlər də. Ona görə hər il müvafiq faiz dərəcələrində qiymət artımı müşahidə edilir.
İndi, 2026-cı ildə də kirayə mənzillərə böyük tələbat var. Belə ki, tələb təklifi yenə də üstələyib. Nəzərə alsaq ki, bu aydan başlayaraq yeni dərs ilinin başlanması ilə əlaqədar rayonlarda və bölgələrdə yaşayan, istirahət üçün gedən və yeni təhsil müəssisələrinə daxil olan tələbələrin dərslərin başlanması ilə yenidən kirayə mənzil bazarına üz tutması bazarda tələbatı daha da artıracaq.
Bu tələbatın artması da qiymətlərin daha da yuxarı qalxmasına səbəb olacaq. Çünki əvvəlki illərdə, məsələn, gündəlik kirayə bazarına 15-20 mənzil çıxarılırdısa, bugünkü gündə həmin bazara ən yaxşı halda 6-7 mənzil çıxarılır. Bu da kirayəyə verilən evlərin sayının azalmasından irəli gəlir.
Digər bir səbəb isə köhnə həyət evlərinin və köhnə binaların sökülməsi nəticəsində kirayə mənzil bazarından çıxan kirayə mənzillərin sayının azalmasıdır. Bununla yanaşı, yeni binalarda kirayəyə verilən mənzillərin sayı artır. Yeni binaların qiyməti köhnə binalarla müqayisədə daha yüksək olduğu üçün hazırda yeni binalarda kirayə mənzillərə tələbat daha çoxdur.
Buna səbəb yeni tikilən binalarda yaşayış şəraitinin daha yaxşı və komfortlu olması, müasir liftlərin, yaşayış üçün daha əlverişli şəraitin və daha təmiz mühitin olmasıdır. Yəni daha çox tələbat yeni binalara yönəlir.
Amma tələbələri nəzərə alsaq, onlar köhnə binalara da üstünlük verirlər. Əsas odur ki, qiymət daha ucuz olsun. Çünki indi, bildiyiniz kimi, hər şeyin bahalaşdığı bir dövrdə tələbələrin artan kirayə qiymətlərini ödəməsi onlar üçün əlavə çətinliklər yaradır.
Əvvəllər, məsələn, bir otaqlı evdə bir-iki nəfər tələbə yaşayırdısa, indi daha çox 3-4, hətta 4-5 nəfər bir otaqda yaşaya bilir. Məcburdurlar, çünki kirayə haqqı yüksəkdir. Bu da ondan irəli gəlir ki, kirayə haqqı çox olduğuna görə tələbələr bir-iki nəfər olaraq bu pulu ödəmək imkanında olmadıqları üçün məcburən əlavə yoldaşlar, otaq yoldaşları tapırlar ki, kirayə pulunu ödəməkdə əlavə çətinlik yaranmasın.
Yeni dərs ilinin başlanması ilə əlaqədar onsuz da bazarda az olan kirayə evlərə tələbat yenidən artacaq. Bu artımın əsas səbəbi yeni dərs ilinin başlaması ilə bağlıdır. Bu artımın nəticəsində qiymətlərin yenə də yuxarı qalxacağı düşünülür. Qiymətlərin aşağı düşməsindən isə hələlik söhbət gedə bilməz.
Bunu kənar müdaxilə ilə həll etmək olmaz. Çünki bazar yalnız tələb və təklif üzərində qurulub və özünü tənzimləyir. Nə zaman təklif tələbi üstələyəcək, yəni kirayə verənlərin sayı kirayə götürənlərin sayından çox olacaq, onda avtomatik olaraq qiymətlər aşağı düşə bilər.
Hazırkı vəziyyətdə isə qiymətlərin enməsi deyil, qalxması gözlənilir. Çünki bu, tələbatın çox olmasından irəli gəlir.
Digər tərəfdən, əvvəllər, məsələn, 2019-cu ildən əvvəl tələbələr 3-5 evə baxıb onlardan birini seçirdilər. İndi isə tələbələrin belə bir şansı yoxdur. Çünki onlar çox yaxşı bilirlər ki, kirayə mənzil tapmaq çətin olduğu üçün bir ev tapdılarsa və həmin evə qərar verib götürdülərsə, yaxşıdır. Götürmədikləri halda isə bir-iki saat ərzində həmin ev kirayə verilə bilər və onlar da bu evdən məhrum olarlar.
Ona görə məcbur qalaraq, xoşlarına gəlsə də, gəlməsə də, bir çox hallarda həmin evləri kirayə götürürlər. Bu da kirayə mənzillərin az olmasından irəli gəlir.
Mən əminəm ki, bu aydan başlayaraq kirayə mənzil bazarında tələb təklifi yenə də üstələyəcək. Onsuz da tələbat yüksəkdir və kirayə mənzillərə tələbat daha da artacaq. Bu artım da nəticə etibarilə qiymətlərin yuxarı qalxmasına səbəb olacaq”.