“Naxçıvanda səslənən fikirlər Azərbaycanın regiondakı yeni siyasi çəkisinin göstəricisidir” - ŞƏRH

12 Avqust 2026 15:48 (UTC+04:00)

“Cənab Prezident İlham Əliyevin Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibə təkcə ölkə daxilində gedən proseslərə münasibətin ifadəsi deyil, eyni zamanda Azərbaycanın regiondakı yeni mövqeyinə baxışın ortaya qoyulması baxımından mühüm siyasi mesajlarla zəngindir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Naxçıvanın bu müsahibə üçün məkan kimi seçilməsi də təsadüfi deyil:

“Çünki bu gün Naxçıvan Azərbaycanın regional siyasətində əvvəlki dövrlərlə müqayisədə daha böyük strateji əhəmiyyət daşıyır. Azərbaycan artıq ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, regionda yeni siyasi reallıqlar yaratmış ölkədir. Bu reallıqların içərisində Naxçıvanın xüsusi yeri var.

Bu gün Naxçıvana yalnız coğrafi baxımdan Azərbaycanın əsas ərazisindən ayrı düşmüş muxtar respublika kimi yanaşmaq düzgün olmazdı. Naxçıvan Azərbaycanın Türkiyə ilə birbaşa bağlantısını təmin edən mühüm geosiyasi məkan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişə biləcəyi strateji nöqtədir. Zəngəzur istiqamətində kommunikasiyaların açılması ilə bağlı proseslər də Naxçıvanın regional əhəmiyyətini daha da artırır.

Cənab Prezidentin müsahibəsinin mühüm tərəflərindən biri də məhz bu yeni reallığın siyasi və iqtisadi perspektivlərinin ortaya qoyulmasıdır. Azərbaycanın Qarabağda əldə etdiyi Zəfər necə ölkənin təhlükəsizlik arxitekturasını dəyişdisə, Naxçıvanın qarşıdakı dövrdə kommunikasiya, logistika və iqtisadi imkanlarının genişlənməsi də Azərbaycanın regional rolunu yeni mərhələyə daşıya bilər.

Burada başqa mühüm məqam da var. Naxçıvanın inkişafı artıq yalnız sosial-iqtisadi layihələrlə ölçülən məsələ deyil. Söhbət Azərbaycanın ümumi inkişaf strategiyasının mühüm bir istiqamətindən gedir. İnfrastrukturun yenilənməsi, nəqliyyat imkanlarının genişləndirilməsi, enerji təminatının gücləndirilməsi və yeni iqtisadi imkanların yaradılması Naxçıvanı gələcəkdə daha böyük regional layihələrin iştirakçısına çevirə bilər.

Hesab edirik ki, cənab Prezidentin Naxçıvandan verdiyi mesajların əsas mahiyyəti də bundan ibarətdir: Azərbaycan artıq hadisələrin arxasınca gedən deyil, regionda hadisələrin istiqamətini müəyyən edən ölkədir. Naxçıvan isə bu yeni mərhələdə Azərbaycanın regional siyasətinin mühüm dayaqlarından birinə çevrilir.

Bu baxımdan müsahibəyə yalnız Naxçıvanla bağlı fikirlər toplusu kimi baxmaq doğru olmaz. Burada Azərbaycanın gələcək regional mövqeyinə, nəqliyyat və iqtisadi imkanlarına, Türkiyə, İran və digər ölkələrlə strateji əlaqələrinə və Cənubi Qafqazda formalaşan yeni düzənə dair daha geniş mesajlar var. Naxçıvandan səslənən fikirlər əslində Azərbaycanın regiondakı yeni siyasi çəkisinin göstəricisidir”.