"Təbii ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin başlanması, digər layihələrin işə düşməsi fonunda Naxçıvanda da enerji və ticarət mərkəzlərinin yaradılması, Naxçıvanın Azərbaycanın strateji mərkəzinə çevrilməsi istiqamətində mühüm addımlar atılır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Cənab Prezidentin Naxçıvana səfəri, burada yeni sənaye parkının açılması, həmçinin dəmir yolu xətlərinin istifadəyə verilməsi istiqamətində işlərin həyata keçirilməsi davam edir:
"Artıq planların təsdiq edilməsi onu deməyə əsas verir ki, Naxçıvan bu prosesdən sonra dünyaya açılır və Asiyanın nəqliyyat habına çevrilir. Bu isə Naxçıvanın iqtisadi inkişafını, eyni zamanda Azərbaycanın regionda nəqliyyat habına və enerji mərkəzinə çevrilməsini şərtləndirir.
Bütövlükdə bu proses Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək, ölkənin təhlükəsizliyinə xidmət edəcək. Yəni həyata keçirilən layihələr regionda sülhə və inteqrasiyaya xidmət edəcək, Naxçıvanın isə enerji və nəqliyyat habına çevrilməsini təmin edəcək.
Bununla da demək olar ki, cənab Prezidentin həyata keçirdiyi siyasət, həmçinin Zəngəzur dəhlizinin açılması ilə bağlı görülən işlər strateji baxımdan Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin daha da möhkəmlənməsinə təminat yaradacaq".