“Naxçıvan yaxın gələcəkdə qlobal geoiqtisadi layihələrin mərkəzində olacaq” - MİLLƏT VƏKİLİ

12 Avqust 2026 12:30 (UTC+04:00)

"Naxçıvanda 558 mənzildən ibarət yeni yaşayış kompleksinin təməlinin qoyulması Naxçıvanda insanların məişət şəraitinin yaxşılaşdırılması, eyni zamanda, bölgənin iqtisadi inkişafına və Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevrilməsinə verilən ciddi töhfədir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, Naxçıvan Azərbaycanın çox önəmli coğrafi mövqeyində yerləşir: "Bu ərazi həm İran, həm də Türkiyə ilə həmsərhəddir. Azərbaycanın qərb istiqamətində yerləşən, mühüm geosiyasi və geoiqtisadi əhəmiyyətə malik bir bölgədir. Ona görə də Naxçıvanda insanların məişət şəraitinin yaxşılaşdırılması və iqtisadi inkişafına töhfə verilməsi baxımından yeni yaşayış komplekslərinin təməlinin qoyulması xüsusi əhəmiyyət daşıyır.

Çünki nəzərə alsaq ki, Naxçıvan yaxın gələcəkdə daha böyük geosiyasi və geoiqtisadi qlobal layihələrin mərkəzində olacaq, bu cür layihələrin həyata keçirilməsi daha da vacibdir. Orta Dəhlizin tam funksional olması ilə Naxçıvan strateji coğrafi mövqeyə sahib olacaq. Şərqdən Qərbə uzanan, minlərlə kilometr uzunluğu olan Orta Dəhlizin Naxçıvan üzərindən keçməsi Azərbaycanın bu bölgə ilə bağlantısını daha da gücləndirəcək.

Həmçinin Naxçıvanın geosiyasi və geoiqtisadi baxımdan qlobal layihələrin mərkəzində yer alacağını nəzərə alsaq, bölgənin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinə ehtiyac var. Bu baxımdan yeni yaşayış komplekslərinin tikilməsi, yerli sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Bununla yanaşı, Naxçıvanın gələcəkdə böyük turizm, iqtisadi aktivlik və nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşməsi onun strateji əhəmiyyətini daha da artıracaq. İnanıram ki, yaxın gələcəkdə bu potensial tam şəkildə reallaşacaq.

Ona görə hesab edirəm ki, Naxçıvanda həyata keçirilən yeni mənzil kompleksləri layihələrinə məhz bölgənin gələcək inkişafı və əlverişli yaşayış mühitinin formalaşdırılması kontekstində yanaşmaq lazımdır".