“Həqiqi güc insanın hər şeyi təkbaşına daşıması deyil” - PSİXOLOQ

12 Avqust 2026 12:10 (UTC+04:00)

"Məncə burada ən vacib məsələ güclü görünməklə həqiqətən güclü olmağın fərqini ayırmaqdır. Çünki insanın hər şeyi içində saxlaması, ağlamaması, heç kimə ehtiyacının olmadığını göstərməsi kənardan güclü görünə bilər, amma bu, hər zaman psixoloji güc demək deyil". Bu fikirləri SİA-ya açıqlamasında İngla Kids and Preschool-un direktor müavini,Uşaq və Yeniyetmə psixoloqu Aysu Həsənzadə deyib.

Onun sözlərinə görə, bəzən insan sadəcə hiss etdiklərini yaşamağa özünə icazə vermir: "Məsələn, uşaq vaxtından ağlayanda ona “ağlama, güclü ol, böyümüsən, keçib gedəcək” kimi yanaşılırsa, həmin insan böyüdükcə də öz emosiyalarını problem kimi görməyə başlaya bilər. Beləliklə, kədərini paylaşmaq əvəzinə susur, incikliyini ifadə etmək əvəzinə heç nə olmayıbmış kimi davranır, köməyə ehtiyacı olduğu halda belə hər şeyi özü həll etməyə çalışır.

Ən maraqlısı isə budur ki, insan bunu bir müddət sonra seçim kimi yox, xarakteri kimi qəbul edir və “mən onsuz da belə insanam” deyə düşünür. Halbuki burada çox vaxt öyrənilmiş bir emosional davranışdan söhbət gedir.

Emosiyalar ifadə olunmadıqda onların mütləq hansısa formada özünü göstərməsi mümkündür. İnsan daha tez qıcıqlana bilər, münasibətlərdə məsafə yarada bilər, özünü daim yorğun hiss edə bilər və ya heç bir səbəb görmədən daxili gərginlik yaşaya bilər.

Bəzən də insan öz hisslərini o qədər uzun müddət basdırır ki, artıq nə hiss etdiyini belə müəyyənləşdirmək çətinləşir. Məsələn, “mən niyə əsəbiyəm?” sualının cavabı əslində “mən incimişəm” və ya “mənim sərhədim pozulub” ola bilər, amma insan həmin hissi tanımadığı üçün onu sadəcə əsəb kimi yaşayır.

Ona görə emosional sağlamlıq yalnız pozitiv düşünmək və özünü yaxşı hiss etməkdən ibarət deyil, insanın xoş olmayan emosiyalarına da yer verə bilməsidir. Kədərlənmək, qorxmaq, incimək və yorulmaq insanın zəif olduğunu göstərmir, bunlar insan olmağın bir hissəsidir.

Əsas məsələ həmin emosiyanın bizi idarə etməsinə icazə vermədən onu tanımaq, nə demək istədiyini anlamaq və sağlam şəkildə ifadə edə bilməkdir.

Mənim üçün həqiqi güc də məhz buradadır, insanın hər şeyi təkbaşına daşıması yox, bəzən “mənə çətindir” deyə bilməsi, ehtiyacı olanda dəstək istəməsi və öz hisslərindən utanmamasıdır.

Çünki insan öz emosiyalarına nə qədər uzun müddət yer vermirsə, onları idarə etmək bir o qədər çətinləşə bilər, amma onları tanımağa başladıqda insan həm özünü, həm də münasibətlərini daha yaxşı anlamağa başlayır".