"Azərbaycan regionda karbohidrogenlər baxımından aparıcı rola malikdir. Eyni zamanda, beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında da fəal oyunçulardandır. Ona görə Naxçıvanda günəş və külək elektrik stansiyalarının fəaliyyəti, bu istiqamətdə görülən işlər və Azərbaycanda bərpa olunan enerjinin inkişaf etdirilməsi istiqamətində atılan addımlar Azərbaycanın enerji hasilatı baxımından aktiv fəaliyyətini göstərir".
Bu sözləri SİA-ya açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, Azərbaycan ekologiyanın və ətraf mühitin qorunması istiqamətində də əməli addımlarını nümayiş etdirir. Çünki Azərbaycan ətraf mühitin qorunması, ekologiyanın və bioloji müxtəlifliyin saxlanılması istiqamətində də fəal iştirakçılardandır. 2019-cu ildən bu yana yaşıl enerjinin inkişafı istiqamətində atılan addımlar da bu baxımdan önəmli sayılır:
"Naxçıvan bölgəsi uzun müddət enerji baxımından müəyyən çətinliklər yaşayıb. Bu çətinliklər tədricən müxtəlif layihələrin həyata keçirilməsi ilə aradan qaldırılmaqdadır.
Son illər Naxçıvanda görülən işlər bölgənin əhəmiyyətini, o cümlədən regional əhəmiyyətini artırır. Gələcəkdə Naxçıvan təkcə Cənubi Qafqazın deyil, həm də beynəlxalq və qlobal miqyasda öz əhəmiyyətini artıracaq. Xüsusilə Zəngəzur layihəsi fəaliyyətə keçdikdən və istifadəyə verildikdən sonra bu əhəmiyyət daha da güclənəcək.
O baxımdan Naxçıvanın bütün istiqamətlərdə, o cümlədən enerji təhlükəsizliyi məsələsində inkişafı rəsmi Bakı üçün strateji əhəmiyyət daşıyır.
Naxçıvan əvvəllər enerji məsələlərində müəyyən asılılıqlara malik idi. Yeni layihələrin işə düşməsi və gələcəkdə bu istiqamətdə fəaliyyətin genişləndirilməsi Naxçıvanın həm enerji istehsal edən bölgəyə, həm də enerji daşıyıcısı və enerji qovşağına çevrilməsi imkanlarını artırır".