"Qida allergiyaları son dönəmlər əksər insanın müzakirə etdiyi, narahatlıq bildirdiyi mövzudur". Bu sözləri SİA-ya açıqlamasında qida eksperti Asim Vəliyev deyib.

Onun sözlərinə görə, bu problemlə qarşılaşan insanlar ilbəil artmaqda davam edir: "Keçmişdə həzm pozuntuları, dəri səpgiləri, xroniki yorğunluq kimi əlamətlər ümumi simptom kimi qiymətləndirilirdi. Müasir tibbdə spesifik testlər, genetik analizlər və eliminasiya pəhrizləri vasitəsilə konkret allergenlər dəqiq müəyyən edilir. Artıq bu barədə məlumatlılıq səviyyəsinin artması müraciətlərin sayını artırıb.
Müasir qida istehsalında istifadə olunan sintetik qatqı maddələri, emulqatorlar, konservantlar və gizli şəkərlər mədə-bağırsaq mikrobiotasının təbii balansını pozur. Mikrobiotanın zəifləməsi isə immunitet sisteminin qida zülallarına qarşı həssaslığını artırır. Həddindən artıq steril mühitdə böyüyən yeni nəsillərin immunitet sistemi yad mikroorqanizmlərlə az təmasda olur. Nəticədə immun sistemi zərərsiz qida zülallarını patogen kimi qəbul edərək aşırı reaksiya verir. Həmçinin ekoloji çirklənmə, xroniki stres və antibiotiklərin lazım oldu-olmadı istifadəsi bir sıra problemlərə gətirib çıxarır.
Allergen həssaslığı olan şəxslər üçün çarpaz çirklənmə ciddi riskdir. Allergen ehtiva edən məhsulları doğrama lövhələri və bıçaqlar vasitəsilə digər qidalara bulaşdırmaq olmaz. Satın aldığımız hər bir işlənmiş qidanın etiketində tərkib hissəsini mütləq oxumalıyıq. Standartlara əsasən, əsas 14 allergendən olan süd, yumurta, qlüten, fındıq-qoz, soya, balıq, xərçəngkimilər və digərləri etiketdə tünd şriftlə göstərilməlidir.
Əgər qida qəbul etdikdən sonra boğazda daralma, nəfəs darlığı, dilin, ya dodaqların şişməsi, təzyiqin kəskin düşməsi kimi hallarla qarşılaşsaq, bu şok əlamətidir və təcili tibbi yardıma müraciət etməliyik".