"Bəzən insanların caduya inanması və aldadılması adətən bir deyil, bir neçə səbəbdən, müxtəlif psixoloji və sosial amillərin birləşməsindən yaranır. Çünki insanın müəyyənliyi artırmaq, daha çox tənhalıqdan və gücsüzlükdən çıxmaq, özünə və hadisələr üzərində nəzarət hissini bərpa etmək istəyi olur. Məsələn, kimsə hətta yuxusunda belə müəyyən bir hadisəni görərkən təsadüflərin mənasını bilmək istəyir və düşünür ki, “Bu təsadüfdür, yoxsa mən bunu yuxumda da görmüşəm?” Bütün bunlar bir-biri ilə əlaqələnərək sonda insanda elə bir psixoloji məqam yaradır ki, stress və qorxunun yaranmasına səbəb olur".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, son dövrlərdə insanlar hər hansı çıxış yolu axtardıqları üçün falçılara müraciət edirlər. Məsələn, heç tanımadığı bir insan belə ona bir neçə xoş söz desin, bir az onunla maraqlansın və desin ki, “Sənin hansısa problemlərin var”. İnsan həmin inancın arxasınca gedir. Çünki həmin anda psixoloji olaraq qeyri-müəyyən vəziyyətdə olur:
"Təsadüfən işləri yaxşı getməyə bilər. Mövsümi olaraq, tutalım, həkimlərin, repetitorluq edən müəllimlərin, psixoloqların, vəkillərin işləri azala bilər. İnsan nə qədər dərindən düşünsə də, həmin anda eşitdiyi bir parça söz belə ona təsir göstərə bilər. Söz var dağa qaldırar, söz var dağda dindirər. İnsanın eşitmək istədiyindən asılı olmayaraq, bəzən bu inancların arxasınca getməsi mümkündür.
Amma daxili səslərini, eşitdikləri fikirləri özü də bilmədən qarşı tərəfə müəyyən bir enerji ötürür və qarşı tərəf də bunu hiss edərək ondan istifadə edə bilir. Harada ki, insan oturub deyir: “Mən nə fala inanıram, nə də caduya inanıram”, həmin insan özünə daha güvənli olur və belə insanlara qarşı kimsə asanlıqla nəsə deyə bilməz. Amma insan maraq göstərirsə və soruşursa ki, “Doğrudan, məndə nə hiss edirsən?”, bu zaman qarşı tərəf kiçik bir manipulyasiya ilə həmin insanı təsir altına sala bilər, hətta onu ciddi psixoloji vəziyyətə gətirib çıxara bilər.
Elə insanlar var ki, siz onunla şad gününüzü, gözəl anınızı paylaşırsınız. O isə sizin hansısa sözün təsiri altına düşməyinizi bildiyi üçün həmin anda sevincinizi belə əlinizdən ala bilər.
Deməli, manipulyasiya etməyi bacaran və manipulyasiyanın təsirinə düşən insanlar bunu mütləq iradə zəifliyi səbəbindən yaşamırlar. Sadəcə, burada insanların qəlbinin təmizliyindən, emosional həssaslığından irəli gələn məqamlar da ola bilər.
Baxın, hansı tip insanlar gedir belə yerlərə? Ruhən uşaq, emosional, nəsə yaxşı bir şey eşitmək istəyən, çarəsiz, ümidsiz və qorxu içərisində olan insanlar kiməsə, hansısa falçıya müraciət etməyə çalışırlar. Onun dedikləri ilə özlərini təsir altına salırlar.
Amma elə insanlar da var ki, təsir altına düşdükləri halda belə, bir müddət sonra özlərinə psixoloji təkan verə bilirlər, psixoloji immunitetlərini yüksəldirlər. Bu psixoloji immunitetin içərisində birbaşa deyirlər ki, “Hər şeyi bilən Allahdır. Mənim daxili gücüm var. Mən bilirəm ki, Allah mənə bu gücü verib. Mən artıq kiminsə dediyinə yox, özümün nə istədiyimə, nə etmək istədiyimə diqqət edirəm”.
Bunun üçün də müəyyən qədər zaman tələb olunur. Burada artıq mövsümi amillər də özünü göstərə bilir. Payız və yaz aylarında insanlarda psixoloji olaraq güvənsizlik, xroniki yorğunluq və digər emosional çətinliklər baş qaldırdığı zaman yaxın insanlar deyə bilərlər ki, “Bəlkə bir sənə fala gedək? Bəlkə sənə cadu ediblər, əməl ediblər?”
Amma psixoloji yorğunluğunu dərk etməyən və psixoloqa getməkdən çəkinən insan “Mənim nəyim var ki, psixoloqa gedim?” deyə düşünərək falçıya müraciət edə bilər. Falçının yanında isə təbii ki, daha çox təsir altına düşə bilər və uğursuzluq hissi yaşaya bilər. Beləliklə, neqativ düşüncələri daha da özünə cəlb etməyə başlayar".