Zelenski: Ukrayna müharibəni bitirmək üçün ABŞ-a təkliflərini təqdim edib

12 Avqust 2026 10:59 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev Rusiya ilə müharibəyə son qoyulması məqsədilə ABŞ nümayəndələrinə öz təkliflərini təqdim edib. Onun sözlərinə görə, Vaşinqtonun vasitəçiliyi ilə aparılan diplomatik səylər davam edir və Ukrayna sülhə nail olmaq üçün konstruktiv yanaşma nümayiş etdirir.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Zelenski təkliflərin detalları barədə məlumat verməyib. O vurğulayıb ki, ABŞ həm Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməklə, həm də Rusiyaya təzyiq göstərməklə sülh prosesində mühüm rol oynaya bilər.

Ukrayna lideri həmçinin iddia edib ki, Rusiya sentyabr ayında keçirilməsi planlaşdırılan seçkilərdən yeni hərbi səfərbərlik elan etmək üçün bəhanə kimi istifadə edə bilər. Onun sözlərinə görə, Kreml 2026-cı ilin sonu və sonrakı dövr üçün ordusunu daha da genişləndirməyə hazırlaşır. Rusiya isə yeni səfərbərlik planlarının olduğunu rəsmən təkzib edir.

Məlumata görə, ABŞ nümayəndələrinin yaxın günlərdə həm Kiyevə, həm də Moskvaya səfər edərək tərəflərlə danışıqlar aparması gözlənilir. Məqsəd müharibənin dayandırılması üçün mümkün razılaşma yollarını müzakirə etməkdir.