Mövzunun aktuallığı yerli ictimaiyyətin marağına səbəb olub
“Vətəndaş Tribunası” ictimai birliyi Naxçıvan MR-də icra etdiyi “Böyük türk birliyinin inteqrasiya perspektivləri” layihəsi çərçivəsində tədbirlərin keçirilməsinə başlayıb. Şərur rayon Olimpiya mərkəzində 11 avqust 2026-cı ildə yerli ictimaiyyət nümayəndələri ilə keçirilən görüşdə layihənin məqsəd və məramı açıqlanıb, Türk Dövlətləri Təşkilatının yaranması və fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verilib.
Görüşdə layihə rəhbəri yazıçı Səfər Alışarlı məruzə ilə çıxış edərək, Türk Dövlətləri Təşkilatının yaranmasını türk xalqlarının müasir tarixində ən mühüm hadisələrdən biri kimi dəyərləndirib. O bildirib ki, əsası 2009-cu ildə Naxçıvanda qoyulmuş bu təşkilat təkcə türk xalqlarının deyil, bütün region xalqlarının iqtisadi, siyasi, mədəni və logistik əlaqələrinin inkişafına müsbət təsir etməkdədir. Təşkilatın fəaliyyətində Azərbaycanın vacib roluna diqqət yetirən natiq qeyd edib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda keçirdiyi anti-terror əməliyyatından sonra ölkəmiz öz ərazi bütövlüyü təmin edərək, sürətli inkişaf yoluna qədəm qoyub. Azərbaycanın getdikcə artmaqda olan beynəlxalq nüfuzu regionda baş verən bütün məsələlərə ölkəmizin təsir imkanlarını genişləndirib.
Natiq bildirib ki, Türk Dövlətləri Təşkilatı rəhbərlərinin bu ilin may ayında Qazaxıstanın Türküstan şəhərində keçirilmiş qeyri-rəsmi görüşündə ayrı-ayrı sahələr üzrə inteqrasiya imkanlarının daha da genişləndirilməsi, xarici təhlükələrə qarşı hazırlıq üçün birgə hərbi təlimlərin keçirilməsi strategiyası, eləcə də hərbi-texniki əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilmişdir. Liderlər Türk Sivilizasiyası Mərkəzinin onlayn təməlqoyma mərasimində iştirak etmişlər. S.Alışarlı Türk Dövlətləri Təşkilatının, eləcə də region xalqlarının iqtisadi, siyasi və mədəni həyatında Çin-Avropa marşrutunun Orta Dəhlizi anlayışını şərh edərək artıq bu yolla yüklərin Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə, oradan da Avropa daşındığını vurğulamışdır. Qeyd edilmişdir ki, 8 avqust 2025-ci il Vaşinqton razılaşmasından sonra bu dəhlizin mühüm bir hissəsi olan Zəngəzurda logistik infrastrukturun bərpası və yenilənməsi işlərinin layihələndirilməsinə başlanıb. ABŞ hökuməti bu layihənin reallaşdırılmasına 400 milyon dollardan çox vəsait ayırmışdır. Orta Dəhlizin bu istiqamətinin gələcək fəaliyyətinə mane olmağa çalışan bəzi qüvvələrin öz istəklərinə nail ola bilməyəcəyini vurğulayan natiq Azərbaycan rəhbərliyinin bu yöndə səylərini yüksək qiymətləndirmişdir.
Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyəti İctimai-siyasi şöbəsinin müdir müavini Kamal İsmayılov layihə mövzusunun müasir dövr, Naxçıvan Muxtar Respublikası üçün xüsusi aktuallığını qeyd edərək demişdir ki, qırx ilə yaxın böyük bir zaman kəsiyində blokada şəraitində yaşayan Naxçıvan üçün Zəngəzur dəhlizi həyati əhəmiyyət kəsb edir. Yolun açılmasını gözləyən naxçıvanlılar üçün bu, həm də tarixi ədalətin bərpası kimi qiymətlidir.
Çıxış edənlər Şərur Rayon İcra Hakimiyyətinin sektor müdiri Kamal İsmayılov, Maxta kənd sakini Musa Şirəliyev, Alışar kənd orta məktəbinin müəlliməsi Şəfa Xəlilova, hüquqşünas Elman Əlibəyli, şair Əli Nəcəfov, şairə Xədicə Təbəsüm və başqaları bildirmişlər ki, onlar da Türk Dövlətləri Təşkilatı liderlərinin bu sahədə fəaliyyətini diqqətlə izləyir, əldə edilən nailiyyətləri yüksək qiymətləndirirlər. Layihə mövzusunun və tədbirin aktuallığını qeyd edən natiqlər bu cür görüşlərin maarifləndirici xarakterini qeyd edərək, təşkilatçılara təşəkkür etmişlər.
Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış buklet və dəftərxana ləvazimatları paylanıb, foto və videoçəkilişlər aparılıb.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.