Rusiyanın Zaporojyeyə endirdiyi ballistik zərbə nəticəsində “Zaporojstal” metallurgiya kombinatının fəaliyyəti tam dayandırılıb.
SİA xəbər verir ki, bu barədə "RBK-Ukrayna" kombinatın məxsus olduğu “Metinvest” qrupunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, zərbə zamanı 7 müəssisə əməkdaşı ölüb, daha 21 işçi yaralanıb. Onların hava həyəcanı elan edildikdən dərhal sonra sığınacağa gedən zaman hücuma məruz qaldıqları bildirilib.
Hücum nəticəsində enerji infrastrukturu, əsas və yardımçı koks, domna və s. istehsalı sahələri zədələnib.
“Metinvest”in məlumatına görə, “Zaporojstal”ın fəaliyyəti tamamilə dayandırılıb, digər istehsal müəssisələri isə azaldılmış güclə işləyir.
Hazırda mütəxəssislər hücumun nəticələrini, müəssisənin fəaliyyətinin bərpası imkanlarını və bunun üçün tələb olunan müddəti qiymətləndirir, həmçinin qəza-bərpa işləri aparırlar.