“ABŞ və İran arasında baş verən müharibə əvvəlki iki müharibədən nisbətən fərqli gedir. Yəni, əvvəlki birinci müharibə və daha sonra, iyun ayında baş verən müharibə tamamilə başqa məqsədlər üzərində formalaşmışdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, ikinci müharibə iyun ayındakından fərqli olaraq daha şiddətli idi:
“Burada üç tərəf iştirak edirdi. Yəni, İsrail-ABŞ ittifaqı İrana qarşı idi və təbii ki, İran burada ciddi itkilər verdi. Nəticədə isə elə bir vəziyyət yarandı ki, İranda sistem dəyişmədi, amma sistemin əsas ideoloqları və fikir adamları sıradan çıxarıldı. Eyni zamanda, İranda bir sıra hərbi və mülki infrastrukturlar da sıradan çıxarıldı.
Təbii ki, İran da boş dayanmadı. ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına və ümumiyyətlə, ABŞ-yə məxsus olan bir sıra obyektlərə ciddi xəsarətlər yetirildi. Eyni zamanda, İsraildə də ciddi problemlər yaşandı. İsrailin demək olar ki, bütün şəhərlərində İranın çox ciddi ballistik raket zərbələri nəticəsində dağıntılar baş verdi. Yəni, bu o deməkdir ki, ikinci müharibə daha ağır oldu.
İndi artıq üçüncü müharibədir və bu dəfə demək olar ki, İsrail kənarda saxlanılır. ABŞ və İran əsasən hava hücumları ilə bu prosesi davam etdirirlər. Görünən bundan ibarətdir ki, bundan sonrakı mərhələdə müharibə çox ciddi və qızğın fazaya keçməyəcək, amma uzunmüddətli hava hücumları həyata keçirilə bilər.
Bu o deməkdir ki, İranın qarşıdakı əsas hədəfi uzunmüddətli Vyetnam müharibəsinə bənzər şəkildə Amerika ilə müharibəni davam etdirməkdən ibarətdir. Bu, təbii ki, təsadüfi deyil. Bu o deməkdir ki, qarşıda bizi uzunmüddətli, amma daha genişmiqyaslı olmayan bir müharibə gözləyir və bu müharibə, təbii ki, dünya iqtisadiyyatına da təsir edir.
İran daxilində fikirlər varmı? Amerikanın sülhə doğru getmək niyyəti varmı? Eyni zamanda, Amerika daxilində Donald Trampın fərqli fikirləri və yanaşmaları varmı? Var.
Beynəlxalq ictimaiyyət İran müharibəsində bir neçə istiqamətə bölünübmü? Bölünüb. Yəni, bunların hamısı fərqli olaraq bugünkü müharibəyə təsir edir. Düşünürəm ki, qarşıdakı dövrdə biz hələ də İran və ABŞ arasında ara-sıra hava hücumlarının olacağını və tərəflərin bir-birinə qarşı təsirini, hədəflərini daha da genişləndirmək cəhdlərini görə bilərik.
İranın iddiası Amerikanın, deyək ki, Yaxın Şərqdən çıxmasıdırsa, Amerikanın iddiası İranın Amerikanın şərtlərinə razı olub təslim olmasıdır. Amma düşünmürəm ki, hər iki tərəf bu haqda fikirlərindən asanlıqla geri çəkilə bilər. Amma ortaq fikir olaraq hesab edirəm ki, atəşkəsə, yəni müəyyən sakitləşmə mərhələsinə gələ bilərlər”.